Qaş qayırmaq istədikləri yerdə, vurub gözü də çıxarırlar-jurnalist Bəybala Mirzəyev
Qaş qayırmaq istədikləri yerdə, vurub gözü də çıxarırlar-jurnalist Bəybala Mirzəyev
27.06.2020 Bəybala Mirzəyev Tərəfindən

Piarı ver piarçıya, birini də üstəlik...

Karantinin hamıya sıxıntı gətirdiyi bu isti yay günlərində insanların əhvalını biraz da olsa yüksəltmək üçün cürbəcür maraqlı ideyalar düşünüb tapmaq olar. Yaşayış binasının pəncərələrindən "Yaşa, Azərbaycan" mahnısını oxumaq da mümkündür. O cümlədən polislərə gül atmaq, onları alqışlamaq da normal fikirdir. Amma bütün bunlar həm də piar məqsədilə, müsbət ictimai rəy formalaşdırmaq niyyəti ilə edilirsə, o zaman bu işi həvəskarlara yox, peşəkarlara həvalə etmək lazımdır.

Çünki piar çox incə məsələdir. Burada hər şey ən xırda detalına qədər öncədən ölçülüb biçilməlidir. Piar naşılığı sevmir. Piar başdansovduluğu, yola verməyi də sevmir. Çünki naşı adamlar piarla məşğul olanda onların gördüyü iş piara yox, antireklama çevrilir.

Piarla məşğul olanlar əsas işləri ilə bərabər, biraz psixoloq, biraz siyasətçi, biaz sosioloq və biraz da jurnalist olmalıdırlar ki, toplumun nəbzini tuta bilsinlər və insanların hansı reaksiyanı verəcəyini öncədən hesablaya bilsinlər.

Bir sözlə, piarçı (piarşik) olmaq asan iş deyil. Və hər adam da piar mütəxəssisi ola bilməz.

Pis piarçılar qaş qayırmaq istədikləri yerdə, vurub gözü də çıxarırlar.

Visiontv.az