Qaranlıqdan görünən bir ovuc işıq
Qaranlıqdan görünən bir ovuc işıq
24.06.2021 Elçin Mirzəbəyli Tərəfindən

Cəmi 23 ay yaşamış bir dövlətin, onun ideoloji əsaslarının, təməl prinsiplərinin qan yaddaşımıza, genetik kodlarımıza həkk olunmasının, nəsildən-nəsilə ötürülməsinin sirrini uzun müddət çözə bilməmişəm. Hələ kiçik yaşlarımdan mavi, qırmızı, yaşıl rənglərin harmoniyası mənə rahatlıq gətirirdi. Rəsm dəftərimdə bu üç rəng həmişə dominantlıq edirdi – təbiət mənzərəsindən başlamış, insan portretinə qədər...

1988-ci ildə, 21 yaşımda, “Azadlıq” marşını, İstiqlal bayrağımıza xitabən “Qalx ayağa millət, boğmasınlar səsimizi, Bir bayraq altında birləşdir bizi” sözlərini yazanda da Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, ilk dümyəvi dövlətimizin tarixi, onun dövlət atributları, məfkurəsi haqqında böyüklərimin qorxa-qorxa danışdığı, uşaqlıq xatirələrimin toranlığından boylanan bir neçə kəlməlik tarixçədən başqa heç nə bilmirdim. 

Hətta düşündüyümdə belə içimi saran, qanımı oynadan Cümhuriyyət sevdasının səbəbini anlaya bilmirdim... Şirməmməd Hüseynovu tanıyanadək. 

Şirməmməd Hüseynov Cümhuriyyətlə aramızdakı canlı bağlardan biri idi... Tanrı xalqımızı çox sevdiyi üçün onu 94 il yaşatdı. Tanrı Şirməmməd Hüseynovu çox sevdiyi üçün ona Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görməyi nəsib etdi...

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin, işıqlı ideyalarının daşıyıcısı kimi şərəfli bir missiyanın canlı əfsanəsini - Şirməmməd Hüseynovu daha yaxından Mirşahin Ağayevin “Milli Metr” layihəsindən tanımışam və həmin proqramın “Şirməmməd Hüseynov” buraxılışı bugünədək kompyuterimin yaddaşındadı. Hər dəfə CÜMHURİYYƏT DƏRSİ almaq istəyəndə təkrar izləyirəm.

...Məni yaxından tanıyanlar Şirməmməd müəllimin çıxışlarını telefonumun yaddaşına köçürdüyümü yaxşı bilirlər. Onun hər kəlməsini necə heyranlıqla, nəfəs almadan, göz qırpmadan dinlədiyimi də həmçinin...

Onu hər dəfə görəndə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini seçmədiyimə görə özümü lənətləyirdim. Amma sonradan anladım ki, Şirməmməd Hüseynovun tələbəsi olmaq heç də önəmli deyil...  Önəmli olan Böyük Ustadı öz müəllimin hesab etmək, daşıdığı dəyərləri düşüncənə, atdığın hər addıma daşımaq, onun işıqlı zəkasından doğan ideyaların tələbəsi, müridi olmaqdır. 

Mənim üçün Şirməmməd Hüseynov, böyük Mövlananın sözləri ilə desək, olduğun kimi görünməyin, göründüyü kimi olmağın az-az rast gəlinən, bu forma və məzmunun vəhdəti ilə simvolizə olunan nümunələrindən biridir!

Mənim üçün Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin işıqlı ideyalarını, İstiqlal məfkurəsini, milli zadəgan əxlaqını öz işıqlı zəkasında daşıyaraq istibdad dönəminin dolanbaclarından keçirən, bir müəllim kimi səbrlə, təmkinlə, inadla ilk cümhuriyyətimizin şərəfli mirasının dərk və qəbul olunmasına çalışan və son nəticədə bunu bacaran BÖYÜK AZƏRBAYCANLIDIR!

Mənim üçün Şirməmməd Hüseynov ilk növbədə qaranlıqdan görünən bir ovuc işıqdır – azdığın bütün istiqamətlərdən səni özünə doğru çəkəcək. Təbii ki, əgər sən özün bunu istəsən!

Ruhun şad olsun, Ustad!

Elçin Mirzəbəyli

Visiontv.az