Qarabağın haylar yaşayan hissəsi var, "satus" haradadırsa oradadır, xortlaması mümkün deyil
Qarabağın haylar yaşayan hissəsi var, "satus" haradadırsa oradadır, xortlaması mümkün deyil
07.04.2022 Sahib Alıyev Tərəfindən

Brüssel görüşünün nəticəsiz bitməyəcəyi haqda bir çoxları kimi məndə də müəyyən nikbinlik vardı. Sonra Ermənistan rəhbərliyinin bəzi açıqlamaları və İrəvanda təşkil olunan etiraz aksiyası bu nikbinliyi tam aradan qaldırmasa da, xeyli azaltdı.

Ancaq görünür, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel də Paşinyana başa saldı ki, təkcə regionda deyil, Avrasiyada gedən proseslər, özəlliklə də Rusiya-Ukrayna savaşında yaranmış vəziyyət  onlara  forpostcasına  davranış, yəni sözdə sülhə hazır olduqlarını bildirib, əməldə "mərkəz"in diqtəsiylə hərəkət etmək üçün yer qoymur. İrəliləyiş olmalı, görüş sonrası açıqlamada da vurğulandığı kimi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında əksini tapan bütün məsələlər yerinə yetirilməlidir.

Bu danışıqlar öncəsi İTV-nin "Diqqət Mərkəzi" proqramında görüşün məhz Azərbaycanın gündəliyi əsasında keçiriləcəyini demişdim. Şarl Mişelin açıqlaması onu göstərir ki, elə də oldu, Ermənistan rəhbərliyinin bizim 5 maddəlik sülh təklifimizə "əlavələr"i buxarlanıb- "Arsax" yoxdur, Qarabağın haylar yaşayan hissəsi var, "satus"  hardadırsa ordadır, xortlaması mümkün deyil.

Brüssel danışıqlarını nəticəsi haqda Azərbaycan və Ermənistan rəhbərlərinin deyil də, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin açıqlama verməsi onu göstərir ki, tərəflərin tam razılığa gəlmədiyi məsələlər də qalır. Əsas odur ki,  sülh danışıqları hazırlığı görmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə konkret tapşırıq verilib və sərhədlərin delimitasiyasıyla bağlı bu ayın sonuna kimi  ikitərəfli komissiyanın yaradılması planlaşdırılır.

Bir sözlə, əgər Ermənistan yenə forpostcasına davran(dıl)masa, Brüssel danışıqları regionun postkonflikt dövründən barış dövrünə keçməsi yönündə yaxşı perspektivlər vəd edir.

Millət vəkili Sahib Alıyev

Visiontv.az