“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibləri bəlli olub
02.10.2020

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti rəqibləri bəlli olub.

Visiontv.az-ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı komandalar İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimində müəyyənləşib.

Qurban Qurbanovun yetirmələri İ qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor” (Türkiyə) klubları olacaq.

Oyunlara oktyabrın 22-də start veriləcək. “Qarabağ” qrupda son matçına dekabrın 10-da çıxacaq.

Qeyd edək ki, cari mövsümə Çempionlar Liqasında başlayan Ağdam klubu Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə görüşüb. Avropa Liqasının pley-offunda Polşa “Legiya”sının qonağı olan “Qarabağ” 3:0 hesablı qələbə qazanıb.