"Qarabağ məsələsində inkişaf var, amma bizi qorxudurlar" - Paşinyan ilk dəfə etiraf etdi
04.11.2019

Onu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində, nə qədər qəribə və gözlənilməz olsa da, yetərincə maraqlı dinamika müşahidə olunur. Nikbinəm və düşünürəm ki, bu dinamika davam edəcək. Dinamika inkişaf edəcək.

Visiontv.az Milli.az-a istinadən xəbər verir ki, Ermənistanın baş nazir Nikol Paşinyan Facebook səhifəsində canlı yayımda olarkən bunu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik səviyyəsinin aşağı düşməsi müşahidə olunur.

"Bu durum Düşənbədəki məlum müzakirələrin kontekstində baş verib".

Bununla yanaşı, N.Paşinyan etiraf edib ki, hazırda Ermənistan tərəfi cəbhə xəttində itkilər verməkdədir.

O, daha sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əvvəlki mövqeyini və tezisləri təkrarlayıb: "Mən demişəm ki, Qarabağ probleminin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün əlverişli olmalıdır".

Paşinyanın sözlərinə görə, onun əsas məqsədi danışıqlar masası arxasında erməni xalqı üçün qəbul ediləcək həll variantını tapmaqdır: "Əgər belə variant tapılarsa, o, xalqa təqdim olunacaq və ümumxalq müzakirəsinə çıxarılacaq. Əminəm ki, qərar ümummilli formatda tapılmalıdır. Ehtiyac yaranarsa, Ermənistanda referendum da keçirmək olar".

Nikol Paşinyanın sözlərinə görə, onun siyasi rəqibləri Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpası ehtimalının yüksək olduğunu deyərək xalqı qorxudurlar.