Putinsayağı təhlil...
Putinsayağı təhlil...
29.01.2021 Bəybala Mirzəyev Tərəfindən

"Dünya "hamının hamıya qarşı" mübarizə problemi ilə üz-üzədir.

Dünyada qlobal təhlükəsizlik sistemi çökmək üzrədir, hazırki vəziyyəti ötən yüzilliyin otuzuncu illəri ilə müqayisə etmək olar".

Bu sözləri srağa gün Rusiya prezidenti Vladimir Putin Davos Forumunda onlayn çıxışı zamanı səsləndirdi. Yeri gəlmişkən, bu onun təxminən 10 illik fasilədən sonra Davosda ilk çıxışı idi.

Və Putin bu qədər uzun fasilədən sonra bu nüfuzlu beynəlxalq platformada etdiyi ilk çıxışında dünyaya (xüsusən də Qərb ölkələrinə, Avropa xalqlarına) demokratiya haqqında, yeni dünya düzəni haqda, qlobal iqtisadi-siyasi problemlər haqda, beynəlxalq münasibətlərdə hökm sürən böhranlı vəziyyət barədə mühazirə oxumağa üstünlük verdi.

O, doğrudan da sanki bir universitet professoru kimi çıxış edirdi. Və dünən Qərb ölkələrinin nüfuzlu KİV-ləri, dünyanın tanınmış ekspertləri Putinin bu çıxışının ayrı-ayrı aspektlərini müzakirə edir, bəziləri isə hətta onun ayrı-ayrı fikirlərini ələ salıb gülürdülər.

Ancaq Putinin səsləndirdiyi fikirlər arasında hamımızı düşündürməli olan bəzi məqamlar da vardı.

Məsələn, mənim diqqətimi ən çox Putinin "hamının hamıya qarşı" mübarizəsi haqda tezisləri çəkdi.

Belə ki, Putin bildirdi ki, "Müasir dünyada qlobal "qəza" və "hamının hamıya qarşı" mübarizə aparmaq təhlükəsi yaranıb".

Bu, çox həssas nöqtədir.

Düzgün müşahidədir.

Doğrudan da, indi dünyada "hamının hamıya qarşı" mübarizə apardığı müşahidə olunur.

Hazırda beynəlxalq münasibətlərdə sözün əsl mənasında xaos hökm sürür. Necə deyərlər, indi heç kim heç kimin kitabını oxumur. Hamı hamıya qarşı inamsızdır və hər bir xalq (ölkə) öz maraqları üçün təkbaşına mübarizə aparmağa məhkumdur. Ən yaxşı halda isə bir dövlət bir-iki qonşu dövlətlə hərbi (və ya hərbi-siyasi) ittifaq qurur.

Yəni ki, yalnız ikili-üçlü formatlar keçərlidir.

Vəssalam, böyük formatlar artıq işləmir. Məsələn, BMT demək olar ki, tamamilə çökmüş vəziyyətdədir.

"G-7" formatı da artıq amorf bir quruma çevrilib.

İndi onu "G20" əvəz etməyə başlayıb. Ancaq "G20"-də birlik, monolitlik yoxdur. Orda da qruplaşmalar mövcuddur.

NATO da həmçinin yeni dövrün reallıqlarına, çağırışlarına ayaq uydurmağa, adaptə olmağa çalışır.

Bir sözlə, indi qlobal proseslərdə dəngələr tamamən pozulub. Dəngəsizlik, qaydasızlıq hökm sürür.

Rusiya lideri də məhz bütün bunları nəzərə alaraq Davosdakı çıxışında qeyd etdi ki, hazırda iqtisadiyyatda, siyasətdə və sosial sahədə baş verən qlobal dəyişiklikləri görməzdən gəlmək çox çətindir.

Putin onu da əlavə edib ki, koronavirus pandemiyası dünyadakı balans pozuntusu problemlərini daha da kəskinləşdirib.

Amma Putin özünün və ya ayrı-ayrı dünya liderlərinin (məsələn, Makronun, Si Zinpinin və b.) dünyadakı mövcud xaosun əmələ gəlməsindəki mənfi roluna əsla toxunmadı.

Xaos öz-özündən yaranmayıb ki.

Ümumdünya miqyaslı xaosun əsas günahkarları həm də dünya liderləridir.

Və ən pisi də budur ki, dünyanı hazırki xaotik durumdan tədricən çıxarmaq üçün səmərəli reseptlər irəli sürməyə qadir olan, relsdən çıxmış dünyanı yenidən öz məcrasına, məhvərinə qaytara biləcək Çörçil kimi, Ruzvelt kimi, Şarl de-Qoll kimi azman liderlər, Mahatma Qandi kimi, Albert Kamyu kimi dünyanın "xəstəlik"lərinə, dərdlərinə düzgün qoyub çıxış yolu göstərə bilən böyük fikir adamları da yoxdur.

Dünyanı format eləmək lazımdır.

Putin də əslində bunu demək istəyirdi.

Amma bu Putinin bacara biləcəyi iş deyil. Putin öz ölkəsini normal, sivil, qonşularına problem yaratmayan bir ölkəyə çevirməyi bacarsa, elə bu da onun dünyaya etmiş olduğu ən böyük yaxşılığı olardı.

Dünyanın müdrik, işıqlı və xoşməramlı bir Proqramçıya ehtiyacı var.

Bəybala Mirzəyev

Visiontv.az