Putinin Qarabağdakı vəziyyətlə bağlı konkret planı yoxdur - Ərəstun Oruclu
Putinin Qarabağdakı vəziyyətlə bağlı konkret planı yoxdur - Ərəstun Oruclu
23.10.2020 Ərəstun Oruclu Tərəfindən

Rusiya prezidenti Vladimir Putinin Qarabağdakı vəziyyətlə bağlı dedikləri Kremlin konfliktə dair konkret planının olmamasına işarədir. Konflikti ermənilərə qarşı etnik münaqişə kimi təqdim etməklə Putin baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərindən atmağa çalışır.

Rusiya həqiqətən çətin vəziyyətə düşüb və bunun da çoxsaylı səbəbləri var:

1. Ermənistanın bugünkü rəhbərliyi rusiyapərəst deyil və bu da Rusiyanı birmənalı bu ölkənin tərəfində çıxış etməkdən çəkindirir.

Rusiyanın dəstəyilə qazanılan uğur Paşinyanın aktivinə yazılardı ki, bu da onun hakimiyyətinin möhkəmlənməsi demək olardı.
Ona görə də münaqişənin əvvəllərində Sumqayıtda və Qarabağda (?) ermənilərə qarşı zorakılıqların olduğunu iddia edən Putin ardınca balanslı mövqe sərgiləməyə çalışır. Bir növ demək istəyir ki, biz Ermənistanı dəstəkləmək istərdik, amma Paşinyanın hakimiyyətdə olması bunu əngəlləyir.

2. Azərbaycan əvvəlki mərhələlərdən fərqli olaraq bu gün münaqişənin əsaslı həllində israrlıdır və onun ciddi dəstəyi var. Azərbaycana siyasi və diplomatik təzyiqlər effektiv deyil, hərbi təzyiq isə münaqişənin miqyasını böyüdə bilər ki, bu halda da həm də Şimali Qafqazda (yəni, Rusiyanın özündə) sabitlik pozulardı.

Digər tərəfdən də Azərbaycan ordusunun uğurlu müasir müharibə aparması və döyüş əzmi, həmçinin də xalqın bu məsələdə birmənalı yekdil olması Rusiyanı düşünməyə vadar edir. Amma Putin Azərbaycandan narazılığını da gizlətmir. Ən azı Xocalı qətliamı haqda da danışa bilərdi, amma bunu eləmir.

3. Rusiyanın özünün daxilində məsələ ilə bağlı yekdillik görünmür. Kreml təbliğatçılarının Azərbaycan əleyhinə apardığı kampaniyanın fonunda Rusiya hərbi dairələrinə bağlı media və ekspertlərin Azərbaycana daha çox guya, simpatiya ilə yanaşma nümayiş etdirməsi bunu deməyə əsas verir.

Belə görünür ki, son təxminən 10 ildə güclənmiş Rusiya hərbi-sənaye kompleksi ya Kremlin əlində siyasi alət olmaq istəmir, ya da bunun əvəzində siyasi qərarların qəbulunda iştirak payını tələb edir. Bu isə hakimiyyətin hərbçilərlə bölüşdürülməsi demək olardı və görünür ki, Kreml bu addımı atmağa da tələsmir.

Qaldı Putinin ritorikasındakı sətiraltı hədələrə, burda da yeni bir şey yoxdur: siyasətdə hədə-qorxu atılması mümkün görünməyən real addımlara alternativ kimi nəzərdən keçirilməlidir. Biz bunu keçmişik artıq.

Visiontv.az