Putinin məqaləsini yazan erməni... - Bəybala Mirzəyev
Putinin məqaləsini yazan erməni... - Bəybala Mirzəyev
16.07.2021 Bəybala Mirzəyev Tərəfindən

Putin özünü tarixçi kimi sınamaq istədi, Ukrayna-Rusiya münasibətləri haqda geniş məqalə yazdı, lakin çoxlu tənqidlərə məruz qaldı...

Siyasətçilərin, xüsusən də dövlət başçılarının tarixlə yaxından maraqlanmaları və ümumiyyətlə tarixi biliklərə malik olmaları bəyənilən haldır. Lakin hansısa liderin, dövlət başçısının tarixçilik iddiasına düşməsi olduqca pis tendensiyadır. Bu mənada Paşinyan və Putin kimi "tarixçi" (daha doğrusu, psevdo-tarixçi) olmaqdansa, pinəçi, papaqçı olmaq daha yaxşıdır.

Putinin bir neçə gün öncə Kremlin rəsmi saytında yerləşdirilən, rus və ukraynca yazılmış “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” adlı məqaləsinin istər Rusiyanın özündə, istər Ukraynada, istərsə də Qərb ölkələrində kəskin reaksiya ilə qarşılanması da bir daha bu fikrimi təsdiqləyir.

Əvvəla sözügedən məqaləni Putinin özü yazmayıb. Həmin geniş həcmli məqalə bir günün və bir adamın işi deyil. Açıq-aşkar hiss olunur ki, məqalə kollektiv əməyin məhsuludur.

Məqaləni bu fotoşəkildə gördüyünüz Rusiya Elmlər Akademiyasının Ümumi tarix İnstitutunun rəhbəri Aleksandr Çubaryan və onun həmkarları, işçiləri yazıblar.

Çubaryan erməni əsilli tarixçidir. Onun atası da məşhur tarixçilərdən biri olub. Aleksandr Çubaryan hal-hazırda demək olar ki, bütün Rusiya tarix elmini öz monopoliyası altına alıb. O həmçinin Rusiya tarixçiləri Milli Komitəsinin sədri, Rusiya Tarix Cəmiyyətinin həmsədri və bir neçə digər nüfuzlu tarix qurumlarının rəhbəridir.

Putinin məqaləsində Çubaryanın dəst-xətti, erməni stili açıq-aşkar hiss olunur. Xüsusən də pravoslavlığın katolisizmə qarşı milli-azadlıq mübarizəsindən bəhs olunduğu hissə sırf erməni müəllifin beyin məhsuludur.

Bu məqalə Rusiyanın maraqları naminə yazılmış məqalədənsə daha çox, Rusiyanın əleyhinə işləyən, onun maraqlarına zərbə vurmağa xidmət edən yazıya oxşayır. Çünki məqalədə açıq-aşkar Rusiya imperiya millətçiliyi, etnik millətçilik təbliğ olunur, Ukrayna hədələnir, Çar Rusiyasının dağılmasından sonra onun yerində yaranmış milli respublikalar "kvazi-dövlət" adlandırılır, eləcə də Rusiyadan kənarda yaşayan rus icmalarının maraqlarının qorunmasının hazırki Rusiya Federasiyası üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır. Bu da öz növbəsində rusların kompakt şəkildə yaşadığı postsovet respublikalarına Rusiyanın ekspansiyasına şərait yaratmaq baxımından birbaşa təhdiddir.

Ümumiyyətlə, Putinin bu məqaləsi biraz Stalin ruhunda, biraz da Hitler səpkisində yazılmış həftəbecər (vneqret) bir yazıdır. Xatırlayırsınızsa, vaxtilə Stalin də "ÜKP(b) tarixinin müxtəsər kursu" ("Кратким курс истории ВКП(б)") adlı monoqrafiya və ya kitab yazmışdı. Hərçənd ki, Stalin heç rus dilində düzəməlli danışa da bilmirdi, o ki qalmış ola kitab yaza. Həmin kitab da Putinin bu məqaləsi kimi kollektiv əməyin məhsulu idi və propaqanda məqsədilə yazılmışdı. "Putinin məqaləsi" də propaqandaya xidmət edir.
Hitler isə əvvəlcə "Mənim mübarizəm" əsərini yazmış, sonra isə  hakimiyyətə gələrək guya ki, Polşadakı, Çexiyadakı almanların hüquqlarını qorumaq adı ilə bu ölkələrə hərbi müdaxilə etmişdi.

İndi "Putinin məqaləsi"ndən məhz belə bir ekspansiya qoxusu gəlir. Bu fikiri Avstriyadan olan görkəmli tarixçi Andreas Kappeler də təsdiqləyir.

A.Kappeler hesab edir ki, Putinin adından yazılmış bu məqalədə Ukrayna ilə, Rusiya ilə, Belarus və Şərqi Avropa ölkələri ilə bağlı bir çox tarixi həqiqətlər ya qəsdən təhrif edilib, yadaki sadəcə görməzdən gəlinib.

Putin “ruslar və ukraynalılar eyni xalqdır” tezisini istər əvvəllər, istərsə də konkret olaraq bu məqaləsində dəfələrlə təkrarlasa da, hərçənd ki, bunun belə olmadığını onun özü də çox yaxşı bilir. Bu baxımdan, Ukrayna prezidenti Vladimir Zelenskinin səsləndirdiyi "Əgər Rusiya Prezidenti Ukrayna dilində yazmağa başlayıbsa, demək ki, biz hər şeyi doğru edirik" cümləsi Putinin lap cızdağını çıxarıb.

Ukraynalı politoloq Yevgen Maqda`nın bir fikri isə olduqca düşündürücüdür. Maqda deyir ki, mən “keçmiş SSRİ respublikalarından heç birinin belə bir “araşdırma” obyekti olmasını istəməzdim”. Çünki bu material, bu məqalə Rusiya mətbuatı və siyasətçiləri üçün bir növ “yol xəritəsidir”. Onlar Putinin bu kimi məqalələrinə, müsahibələrinə istinadla Rusiya ictimaiyyətinin başqa ölkələrə qarşı münasibətini formalaşdırır, imperiya təbliğat siyasətini həyata keçirirlər.

Avstriyalı tarixçi Putinin belə bir məqalə ilə çıxış etməsini həm də onun özünü psixoloji cəhətdən daim düşmənlərin əhatəsində hiss etməsi ilə əlaqələndirir. Kim ki özünün təhlükə altında olduğunu zənn edir, bu onun özünü təhlükəli adama çevirir. Belə bir adam istənilən vaxt zərbə endirə bilər. Sözügedən məqalə də Putinin məhz bu psixotipini üzə çıxarmaq baxımından olduqca maraqlıdır.
Odur ki, bu məqaləni bizim də diqqətlə oxuyub dərindən təhlil etməyimizə, Rusiyanı və onun liderini daha yaxından tanımağımıza ehtiyac var.

Visiontv.az