Putinin geosiyasi iştahası
Putinin geosiyasi iştahası
14.09.2021 Bəybala Mirzəyev Tərəfindən

Putinin geosiyasi iştahası və ambisiyaları həddindən artıq böyükdür.

Adam 28 məsələ üzrə "yol xəritələri"ini Lukaşenkoya sırımaqla Belarusu "İttifaq dövləti" adlı məngənəyə salmağı bacardı. İndi də sırada Ukrayna gəlir...

Ukraynalılar Putinin bu geosiyasi planlarından, avantüralarından ciddi şəkildə narahat olmağa başlayıblar.

Ukraynanı da "udmağı", həzm-rabedən keçirməyi bacarsa, Putinin növbəti hədəf ünvanları Orta Asiya və Cənubi Qafqaz olacaq.

Ermənistanı əldə saxlamaq cəhdləri də məhz bununla bağlıdır. Putin   ermənilərin əli ilə Azərbaycanı da özünün növbəti geosiyasi "layihə"sinə qoşmağa çalışır.

Bəli, söhbət məhz layihədən gedir. Çünki 20-ci əsrdəkindən fərqli olaraq indi ideoloji ittifaqlar və ya ittifaq dövlətləri qurmaq mümkün deyil.

Odur ki, tanınmış iqtisadçı Mixail Xazin demişkən, indi dünya gücləri ideologiyaların mübarizəsindən layihələrin döyüşünə, meqa-birliklərin rəqabətinə keçid ediblər.

Putinin "İttifaq dövləti", "Avrasiya İqtisadi Birliyi", KTMT alyansı da sadəcə çeşidli layihələrdir. Və Putin bu layihələr vasitəsilə keçmiş sovet respublikalarını Rusiyanın təsir dairəsi altında saxlamağa çalışır.

Ancaq həmin respublikalar istəsələr və siyasi iradə nümayiş etdirsələr, Putinin bu məkrli planlarını poza bilərlər.

Siyasi şərhçi Bəybala Mirzəyev

Visiontv.az