Putinin FSB-KQB oliqarxiyası ilə hərbi qanadı arasında gedən pərdəarxası siyasi mübarizə
Putinin FSB-KQB oliqarxiyası ilə hərbi qanadı arasında gedən pərdəarxası siyasi mübarizə
04.12.2021 Ərəstun Oruclu Tərəfindən

Bir neçə aydır Qərb ölkələrinin mediası, beyin mərkəzləri, hərbi və siyasi dairələri Rusiyanın Ukraynaya hücum edə biləcəyinin nə qədər real olduğunu müzakirə edirlər.

Əsas səbəb kimi də Moskvanın Ukrayna sərhədlərinə yüz minə yaxın canlı qüvvə və çoxsaylı hərbi texnika toplaması göstərilir. 

Digər tərəfdən Rusiyanın özü də həmin müzakirələrə məqsədli şəkildə rəvac verir. Ukrayna müxalifətinin fəallaşması, ölkənin hakimiyyət dairələrində "əcinnə ovu" və dünənə kimi rəsmi Kiyevə loyallıq göstərən oliqarxların, media nümayəndələrinin açıq şəkildə prezident Zelenskiyə qarşı çıxması da mənzərəni tamamlayır.

Bəs Rusiya necə, Ukraynaya hücum edəcəkmi? İlk baxışdan sadalanan əlamətlər fonunda bu sualın cavabı müsbət görünsə də əslində baş verənlərin böyük siyasi blef olması istisna deyil. Mövcud qlobal konyunkturanın təhlili də bunun məhz blef olduğunu deməyə əsas verir.

Qlobal konyunktura isə bundan ibarətdir ki, böyük güclərin arasında gedən mübarizənin əsas hədəfləri geosiyasi movqelərdir. Ukrayna isə belə mövqelərin böyük əksəriyyətini artıq itirib. Krımın Rusiya tərəfindən ilhaqından və "Şimal axını-2" qaz kəməri başa çatdıqdan sonra Ukraynanın Moskva üçün geosiyasi əhəmiyyəti minimuma enib.

Bura ölkənin şərqindəki bəzi ərazilərin Rusiya tərəfindən açıq dəstəklənən silahlı separatçıların nəzarətində olduğunu da əlavə etdikdə Moskvanın Ukraynaya hücum etməsi üçün heç bir əsaslı motiv görünmür. Moskvanın Kiyevi daim gərginlikdə saxlaması üçün sadalanan təsir vasitələri lazım olduğundan da çoxdur. 

O zaman sual olunur ki, Ukrayna ətrafında yaradılan gərginlik və ya onun imitasiyası kimə və hansı məqsədlər üçün lazımdır?

Mümkündür ki, Rusiya bunu özünün əsas hədəflərindən diqqəti yayındırmaq üçün, Qərb isə Moskvanı məhz Ukraynada konfliktə çəkmək üçün edir.

Qərb üçün bu, ideal ssenari olardı. Belə ki, bu gün Ukraynada istər ordunun maddi-texniki bazası, istərsə də döyüş hazırlığı Krımın işğalı dövrü ilə müqayisədə xeyli fərqlidir. Digər tərəfdən də ölkədə yenə də həmin dövrlə müqayisədə daha sabit və birmənalı qərbyönümlü hakimiyyət mövcuddur.

Ukraynanın Qərb ölkələri tərəfindən bu gün daha çox dəstəklənməsi də Rusiyanın Ukrayna "cəbhəsindəki" mövqelərini daha da zəiflətmiş olur. Rusiyanı bu istiqamətdə zəiflədən amillərdən biri də onun daxili siyasi konyunkturasıdır. Bu, Putinin FSB-KQB oliqarxiyası ilə hakimiyyətin hərbi qanadı arasında gedən pərdəarxası siyasi mübarizədir.

Nəhayət, Rusiyanın Ukrayna ilə açıq hərbi konflikti çalxalanmaqda olan Qərb düşərgəsi üçün birləşdirici amil rolunu oynayardı. Məlumdur ki, bu halda prioritet kimi Avro-Atlantik məkanın təhlükəsizliyi ön plana çıxardı ki, bu da həm Avropa-ABŞ münasibətlərindəki, həm də Avropanın daxilindəki ziddiyyətləri müvəqqəti də olsa arxa plana keçirərdi. 
Şübhəsiz ki, bunların hamısı Kremldə də nəzə alınmamış ola bilməz. O zaman sual olunur ki, Rusiyanın əsas hədəfi hansı istoqamətədir? Bunun da cavabını bir neçə gün əvvəl Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov açıq şəkildə verdi. O, türkdilli ölkələrin hərbi birliyinin yaradılmasının məqsədəuyğun olmadığını bəyan etdi.

Həmin bəyanatın noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısının ardınca səsləndirilməsi isə heç də təsadüfi deyildi. Xüsusilə də həmin toplantıda müzakirə olunan məsələlərdən birinin təbii qaz ixrac edən ölkələr arasında əməkdaşlıq formatının olması Moskvada qıcıq yaratmaya bilməzdi. 

Bugünkü dünya təbii qaz ehtiyatlarının 30%-dən çoxuna Aşqabad Zirvə Toplantısında iştirak edən təbii qaz ixracatçısı ölkələrin malik olduğunu nəzərə aldıqda Moskvanın narahatlığı anlaşılandır. Tehranla Moskva arasında münasibətlərdə çatların yaranması da elə bununla bağlıdır. Bir çox regional məsələlərdə tərəfdaş olan iki ölkə qaz ixracına gəldikdə təbii rəqiblərdir.

Qaz amilinin Moskvanın xarici siyasət vektorunun bu və ya digər istiqamətə yönəlməsində mühüm və bəlkə də həlledici rol oynadığını nəzərə alsaq bu, Rusiyanın öz hərbi-siyasi gücünü daha çox Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində yönəldəcəyini ehtimal etməyə əsas verir.   

Bura eyni zamanda Xəzər dənizi hövzəsi də daxildir ki, məhz ona görə də Rusiya bütün xəzəryanı ölkələrin bu hövzədəki hərbi gücünün (donanmaların) zəiflədilməsində maraqlıdır və illərdir sistemli şəkildə buna çalışır. Məlumdur ki, mühüm geosiyasi vəzifələrin həllində ordu, başqa sözlə hərbi güc amili müstəsna rol oynayır. Bir şərtlə ki, həmin güc yetərincə olsun.

Politoloq Ərəstun Oruclu

Visiontv.az