Putinin Baydenin sərt çıxışını sakit-sakit dinləməsini təsəvvür etmək mümkün deyil
Putinin Baydenin sərt çıxışını sakit-sakit dinləməsini təsəvvür etmək mümkün deyil
22.02.2021 Bəybala Mirzəyev Tərəfindən

Münhen Təhlükəsizlik Konfransına qatılan Bayden Putinin adını çəkdi, Rusiya və Çini təhlükə mənbəyi kimi təqdim etdi... ABŞ ilk növbədə bu iki ölkə ilə mübarizə aparacaq...

Hər il keçirilən ənənəvi Münhen Təhlükəsizlik Konfransına tarixdə ilk dəfə qatılan ABŞ prezidenti çıxışının əvvəlində "Hamıya deyirəm: Amerika qayıtdı! Transatlantik İttifaq geri döndü" deyə ABŞ-la NATO-nun, ABŞ-la Avropa Birliyinin yenidən sıx əməkdaşlığa geri döndüyünü bəyan etdi. O, bununla ABŞ-Avropa əlaqələrinin Trampın dövründə tamamilə zəiflədiyini diqqətə çatdırmaq istəyirdi.

Odur ki, “ABŞ dünya səhnəsinə qayıdıb. ABŞ-ın Avropa ortaqları ilə əməkdaşlığı xarici siyasətin təməl daşıdır”, deyə ABŞ lideri vurğulayıb.

Co Bayden Ukraynanı müdafiə etməyin vacibliyini də vurğuladı və bunun Qərb üçün prioritet olduğunu bildirdi.

ABŞ prezidenti bəyan etdi ki, "Rusiya Transatlantik birliyi pozmaq arzusundadır. Rusiya ABŞ-la Avropanın arasını vurmağa, NATO-nu və "Avropa layihəsini" zəiflətməyə çalışır. Lakin ABŞ-ın yeni administrasiyası buna yol verməyəcək və əksinə, Qərb ölkələri blokunun, Avroatlantik əlaqələrin daha da möhkəmlənməsi üçün var gücü ilə çalışacaq".

"Bu səbəbdən Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək Avropa və ABŞ üçün həyati məsələ olaraq qalır", - deyə Bayden qeyd etdi.

Bayden Rusiyanı ABŞ və Avropaya qarşı kiberhücumlarda iştirak etməkdə də günahlandırıb:

"Bu hərəkətlərə cavab vermək ABŞ və müttəfiqlərinin ortaq təhlükəsizliyini qorumaq üçün çox vacibdir".

Co Bayden həmçinin Qərb ölkələrinin Çinlə uzun və ağır rəqabətə hazırlaşmalı olduğunu bəyan edib.

Onlayn formatda keçirilməsilə əlaməmətdar olan bu konfransda geniş nitq söyləyən ABŞ dövlət başçısının çıxışı yaxın illər ərzində Qərb ölkələri üçün "Yol xəritəsi" rolunu oynayacaq. Göründüyü kimi bu "xəritə"də əsas hədəflər Rusiya və Çindir.

Bayden çıxışında bütün bunların yenidən "Soyuq müharibə"yə qayıtmaq demək olmadığını qeyd etsə də, lakin əsl həqiqətdə isə bu çıxış tam da "soyuq müharibə" çıxışı idi.

Maraqlıdır ki, Putin Münhen konfransına qatılmaqdan imtina edib. Siyasi müşahidəçilər onun məhz Baydenə görə konfransa qatılmaqdan imtina etdiyini deyirlər.

Əlbəttə, Putinin Baydenin kifayət qədər sərt çıxışını sakit-sakit dinləməsini təsəvvür etmək mümkün deyil.

Baydenin Ukraynanı "həyati əhəmiyyətli məsələ" elan etməsi Putinin  yuxularını qarışdıracaq.

Rusiyanın küncə sıxışdırılması hamının marağındadır.

Bəybala Mirzəyev

Visiontv.az