Putindən sonra nə olacağını bilmirik - Adıgözəl Məmmədov
Putindən sonra nə olacağını bilmirik - Adıgözəl Məmmədov
08.02.2021 Adıgözəl Məmmədov Tərəfindən

Azərbaycanın siyasi gündəmi Qarabağda baş verən proseslər ilə müəyyən olunur. Hal-hazırda Qarabağda aparılan humanitar və yenidən-qurma işləri ilə bərabər, sülhməramlılar məsələsi də daxil olmaqla Rusiyanın və Türkiyənin mövqeyi əsas müzakirə mövzusunu təşkil edir. Hüquq elmləri üzrə professor və iş adamı İlham Rəhimov bu məsələdə ciddi məqamlara toxunaraq gündəmə yeni xətt verib.

Onun "Yeni Müsavat"a verdiyi müsahibəsində bir sıra məsələlər öz əksini tapıb.

Belə ki, İlham Rəhimov Qarabağ münaqişəsinin həllində Rusiya və Türkiyə münasibətlərinin vacibliyini və həllediciliyini qeyd edib. Lakin bu fikir də politoloqlar tərəfindən birmənalı qarşılanmayıb. Bundan savayı, professor sülhməramlılar məsələsini də Azərbaycanın əsas problemi kimi gördüyünü ifadə edib.

Bu istiqamətdə Qarabağ məsələsi ətrafında cərəyan edən proseslərə münasibət bildirmək üçün Eurasia Dairy Slavyan-Türk xalqları hərəkatının lideri, psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun fikirlərini alıb. Politoloq Azərbaycan siyasi rəhbərliyinin siyasi iradəsinin önəmini xüsusilə vurğulayaraq, Qarabağ probleminin həllində bu amilləri önə çəkib.

“Azərbaycanın Rusiya və Türkiyə ilə münasibətlərinin tənzimləyicisi ölkə rəhbərliyinin siyasi iradəsidir. Əgər siyasi rəhbərlik üçtərəfli razılaşma bəyanatına qol çəkməyi məqsədəuyğun sayırsa, demək ki, bu, Azərbaycanın milli maraqları üçün vacibdir. Milli maraqlar dedikdə, heç də bizim maraqlarımızın hansısa bir dövlətin maraqlarına qurban vermək kimi səsləndirilməməlidir. Türkiyənin bu coğrafiyada öz geostrateji maraqları mövcuddur, bir çox hallarda onun maraqları Azərbaycanın maraqları ilə kəsişir. Amma bu o demək deyil ki, Azərbaycan maraqları Türkiyənin maraqlarına qurban verilməlidir. Bu cür məsələlərdə bu tipli bəyanatlardan yan qaçmaq lazımdır”.

Adıgözəl Məmmədov tarixdən misal çəkərək, Azərbaycan siyasi rəhbərliyinin cəhdlərinin və qətiyyətinin Qarabağ probleminin həllində necə önəm kəsb etdiyini əsaslandırıb.

“Sovet hökuməti qurulduğu zaman Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının muxtar vilayəti olub. 1945-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi məsələsi ilə əlaqədar (red: SSRİ Nazirlər Şurasının sədri) Malenkovun (red: Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi) Mircəfər Bağırova məktubu var. Bu dövrdə Ermənistan SSRİ-nin Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutyunov Moskvaya müraciət edir ki, DQMV-də yaşayan ermənilər ictimai, sosial, məişət və s məsələlərdə Ermənistana daha çox bağlıdır. Bu zaman isə Bağırov 1923-cü il qərarını qaldırır. Bu qərarda isə artıq məsələnin müzakirə olunduğu və DQMV-nin Azərbaycan tərkibində qalması sözü qeyd olunub. Eyni zamanda Sovet rəhbərliyində məsələ qaldırır ki, əgər DQMV-nin Ermənistana verilməsi orada ermənilərin çoxluq təşkil etməsi baxımından məqsədə uyğun sayılırsa, o zaman Ermənistanda, Gürcüstanda, Dərbənddə azərbaycanlıların kompakt yaşadığı ərazilər də Azərbaycan verilsin”.

Politoloq bu misalla Azərbaycan milli maraqlarının necə qorunduğunu göstərib. O, qeyd edib ki, Azərbaycan regionda Türkiyə olmadıqda belə Qarabağ problemində əsas oyunçu olub.

“Həmin dövrdə Azərbaycan milli maraqları Sovet İttifaqı çətiri altında olsa da, Azərbaycan siyasi rəhbərliyi tərəfindən qorunub. Sovet dövründə Türkiyə regionda yox idi. Ancaq Azərbaycan siyasi rəhbərliyinin iradəsi Dağlıq Qarabağı sona qədər Azərbaycan ərazisində saxlamağa imkan verdi. Burada son sözü Azərbaycanın siyasi rəhbərliyi və xalqı deyir. Eyni zamanda, sanki bizim taleyimizi kimlərsə həll edir, biz özümüz kənarda qalmışıq kimi fikirlərlə də qətiyyən razılaşmıram. Mən Sovet vaxtından misal çəkdim. Onda Türkiyə Qafqazda yox idi, bəs onda necə saxladılar?”

Professor İlham Rəhimov müsahibəsində sülhməramlılar məsələsini əsas problem kimi ifadə edib. O, bunun Vladimir Putinin hakimiyyəti dövründə həll edilməli olduğunu vurğulayıb. Professor hesab edir ki, Putindən sonra bu problemin həllində ciddi çətinliklər yarana bilər. Politoloq Adıgözəl Məmmədov bu fikirlə razılığını bildirib. O da hesab edir ki, Putindən sonrakı hakimiyyətin sülhməramlılar məsələsində mövqeyi barəsində nəsə demək çox çətindir.
“Rusiyada “Navalnı hərəkatı”nı çox ciddi müşahidə edən qruplar var. Burada isə əsas fiqur çox üzdə olmayan, lakin ictimai hadisələrə təsir edə bilən hərbi elitadır. Rusiya hərbi elitasında Putin hakimiyyətinə qarşı ciddi narazılıqlar mövcuddur. Navalnı keçid fiqurdur. Fikir veririsinizsə, ordu proseslərə qoşulmur. Ordu isə Şoyqu demək deyil. Açıq olaraq demək olar ki, Rusiyada ciddi siyasi proseslər gözlənilir. Lakin bu, Rusiya dövlətçiliyinin və Rusiya dövlət ağılının təhlükədə olması demək deyil. Rusiya dövlət ağlı müşahidədədir. Heç kim də ümid etməsin ki, Navalnı hakimiyyətə gələcək. Navalnı etirazçı kütlənin nə qədər güclü olduğunu təyin etmək üçündür. Əgər bu hadisələr genişlənsə, o zaman ordu qarışa bilər. Bundan əlavə, hələlik ordu daxilində də vahid qərar yoxdur. Ordunun düşünən ağlı Baş Kəşfiyyat İdarəsidir (QRU). Bu proseslər Putin siyasi hakimiyyətinin nə qədər uzun olacağını da şübhə altına salır. Putin müəyyən bir centlmen razılaşması ilə çevrilişsiz də gedə bilər. Keçid dövrü üçün fərqli bir adam da gətirilə bilər. Bu şəxs parlament daxilindən və ya ordu daxilindən ola bilər. Amma hər-halda Putinin çıxdığı kəşfiyyat orqanlarından olması az ehtimal edilir. Nəzərə alaq ki, yeni rəhbərlik ordu ilə sıx bağlı olacaq. Belə olduğu təqdirdə, biz bilmirik ki, bundan sonra regionda onların geostrateji məqsədləri necə olacaq”.

İlham Rəhimov Azərbaycanın daxilində baş verən Rusiya əleyhinə təbliğatlardan da bəhs edib. O hesab edir ki, bu cür addımlar ziyanlıdır. Qarabağ probleminin həllində açar dövlət olan Rusiyaya qarşı hərəkətlər heç də fayda verməyə bilər. Adıgözəl Məmmədov isə Azərbaycan-Rusiya münasibətlərinin praqmatik əsaslarda qurulduğunu qeyd edir. O, düşünür ki, əlbəttə, emosional dil deyil, diplomatik dil lazımdır.

“Gəlin səmimi olaq, Azərbaycan-Rusiya münasibətləri hər hansı mətbuat qurumu tərəfindən aparılan təbliğatdan asılı deyil. Bu, ictimai fikrin formalaşmasında və ya hər hansı çaşqınlığın yaranmasında rol oynaya bilər. Lakin Azərbaycan-Rusiya münasibətləri praqmatik maraqlar çərçivəsində dövr edir. Hələ Heydər Əliyev dövründən bilinirdi ki, bu münasibətlər xüsusi yanaşma tələb edir. Rusiya regionun aparıcı dövlətidir. Rusiya nüvə ölkəsidir, nəhəng ərazi və resurslara malikdir. Rusiya ilə münasibətlərdə emosional deyil, diplomatik davranmalıyıq. Əlbəttə ki, öz maraqlarımızı və niyyətlərimi nəzərdə tutaraq” – deyə, politoloq fikrini yekunlaşdırıb.

Visiontv.az