Putin yavaş-yavaş "kart"larını açır...
Putin yavaş-yavaş "kart"larını açır...
22.10.2021 Bəybala Mirzəyev Tərəfindən

Ötən gün Rusiya prezidentinin "Valday" beynəlxalq klubunun plenar iclasında çıxış edərkən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsinə toxunması, o cümlədən Qarabağda müvəqqəti yerləşmiş sülhməramlılardan danışması və "Zəngəzur" sözünü dilə gətirməsə də, ancaq bu dəhliz haqqında fikir bildirməsi heç də təsadüfi deyildi.

Kreml rəhbəri Azərbaycan ilə Ermənistan arasındakı münaqişəli situasiyadan Rusiyanın geosiyasi və geoiqtisadi maraqları üçün maksimum yararlanmağa çalışır. Məhz bu məqsədlə də bildirib ki, guya Rusiyanın iştirakı olmadan Azərbaycanla Ermənistan arasında mübahisələri həll etmək mümkün deyil.

Sitat:

“Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövründən qalma xəritələr əsasında həll edə bilər, lakin bu proses qarşılıqlı kompromislər tələb edir. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.

Göründüyü kimi Putin bu epizodda Kremlin gerçək simasını gizlətməyə çalışmayıb. O bu epizodda kifayət qədər səmimidir. Putinin "Rusiyadan başqa heç kim lazım deyil" ifadəsi bəlkə də Putinin indiyədək səsləndirdiyi ən səmimi etirafıdır.

O, bu ifadəsi ilə açıq şəkildə bildirir ki, Qarabağa, Zəngəzur dəhlizinə, sərhədlərin delimitasiyası məsələlərinə Rusiyadan başqa heç bir ikinci, üçüncü qüvvələrin əl qoymasını istəmir. Rusiya sahədə də, masada da təkbaşına oyunçu olmaq, Azərbaycanla Ermənistan arasında münasibətlərdə yalnız özü şəriksiz vasitəçilik etmək istəyir.

Bu ifadə Putinin geosiyasi "iştah"ının böyüklüyünü göstərir. Putin maksimalistdir. O, yorğanı tamamilə öz üzərinə çəkmək istəyir.
Amma əsl həqiqətdə isə Putin yanılır. Çünki ortada güclü Türkiyə amili də var.

Əlbəttə, Rusiya Türkiyəni konkret olaraq sərhədlərin delimitasiyası məsələsində kənarda saxlaya bilər. Çünki məlum xəritələr Putinin də qeyd etdiyi kimi yalnız Rusiya ordusunun Baş Qərargahında mövcuddur. Ancaq digər məsələlərdə isə Putinin Türkiyəni "offsayd"da saxlamaq istəyi xəyaldan başqa bir şey deyil.

Putin İranın sərhəd və dəhliz məsələsinə burnunu soxmasının qarşısını ala bilirsə, nə yaxşı, buyursun alsın. Fransanı da Ermənistandan uzaqlaşdırmaq istəyirsə, buna da sözümüz yoxdur. Ancaq Türkiyə ilə hər bir halda hesablaşmağa məcburdur.
Ona görə də Putin düşünməsin ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həllində Rusiya yeganə və alternativsiz vasitəçidir. Ortada qosqoca Türkiyə varkən Putin çox da xəyallarla yaşamasın

Bəybala Mirzəyev

Visiontv.az