Putin növbəti dəfə Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşmalardan danışdı
25.07.2020

Putin növbəti dəfə Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşmalardan danışdı

Visiontv.az xəbər verir ki, Putin bu gün növbəti dəfə Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşmalar haqda danışdı.

Son bir həftə ərzində artıq ikinci dəfədir ki, Rusiya Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilib və hər iki iclasda da Tovuz döyüşləri müzakirə olunub.

TŞ-nın iclasında çıxış edən Rusiya prezidenti bildirib ki, "Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət bizim üçün olduqca həssas məsələdir".

Putinin bu barədə başqa nə kimi fikirlər söyləməsi haqda KİV-lərdə heç bir məlumat verilməyib.

Sosial şəbəkə istifadəçiləri isə Putini işğalçı ölkə (Ermənistan) ilə işğala məruz qalan ölkəni (Azərbaycan) eyniləşdirməkdə, işğalçı tərəfin ünvanına konkret tənqidi fikirlər bildirməməkdə qınayıblar.

Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Azərbaycan və Ermənistana müraciət edib və Azərbaycanla Ermənistanı düşünülməmiş addımlar atmamağa çağırıb.

Deməli, Medvedyev də Putin kimi eyniləşdirmə aparıb və haqlıyla haqsızı tərəzinin bir gözünə qoyub. Əslində isə Rusiya tərəfindən konkret mövqe ortaya qoyulmalı və Ermənistan düşünülməmiş addımlar atmamağa çağrılmalıydı.

Reallıq isə bundan ibarətdir ki, bu gün Ermənistan düşünülməmiş yox, məhz düşünülmüş addımlar atır. Lakin bu addımlar pis düşünülmüş addımlardır.

Eyni zamanda isə Rusiyanın Ermənistandakı qoşunlarının döyüş hazırlğı təlimləri keçirilir.

Başqa sözlə, Rusiya çox ustalıqla ənənəvi "siçan-pişik" oyununu oynamağa davam edir.