“Pulyuyan Ruben - 2”: Separatçılarla bağlı yeni plan işə salınır?
“Pulyuyan Ruben - 2”: Separatçılarla bağlı yeni plan işə salınır?
16.02.2023 Elçin Mirzəbəyli Tərəfindən

Separatçıbaşı Araik Arutunyan və Ruben Vardanyanın sülhməramlıların müşaiyəti altında Moskvaya səfərləri bir neçə gün fərqi ilə başa çatdı və hər iki şəxs növbəti dəfə təlimatlarını və təminatlarını alıb geri qayıtdılar. Hətta, uzun müddətdir ki, sükuta qərq olan Samvel Babayanın da Arutunyan və Vardanyanla, təxminən eyni vaxt aralığında Moskvada olduğu və oradan da Xankəndiyə atıldığı barədə məlumatlar var.

Hər üç separatçının Xankəndiyə dönər-dönməz “konstitusiya islahatları”ndan söz açmaları isə, təlimatların eyni mənbədən verildiyini düşünməyə əsas verir. Maraqlı məqamlardan biri də Araik Arutunyanın Moskvadan qayıtdıqdan dərhal sonra, Ruben Vardanyanın “neytrallaşdırmaq” istədiyi hədəflərdən biri olan Vitali Balasanyanla bağlı “cinayət işi”nin açılmasına göstəriş verməsidir. Görünür, Balsanyanın taleyi də Moskvada həll olunub.

Araik Arutunyan “konstitusiya islahatları”, yaxud “dəyişiklikləri” haqqında ötəri danışsa da, Samvel Babayanın son açıqlamasında bununla bağlı yer alan məqamlar yeni təlimatlar haqqında müəyyən mülahizələrlə çıxış etməyə əsas verir.

Savvel Babayan deyir ki, separatçıların mövcud “idarəetmə sistemi” qəbul edilən qərarlara görə, məsuliyyətin bir nəfərin üzərinə düşməsinə zəmin yaradır və “idaretmə sistemi”nin bəzi iştirakçıları, dolayısıyla məsuliyyətdən yayınmağa, bir çox hallarda isə qəbul edilən qərarları sabotaj etməyə çalışırlar. Yəni Babayan “məsuliyyətin paylaşılması” üçün separatçıların da Ermənistandakı “idarəçilik modeli”nə keçməsini zəruri sayır.

Araiklə Samvelin “konstitusiya dəyişikliyi” barədə mülahizələri arasında fərq var, şübhəsiz. Hətta biri digərinə alternativ də ola bilər. Amma hər iki mülahizənin vahid mənbədən verilən təlimatlar əsasında dilə gətirildiyini düşünməyə, kifayət qədər əsasın olduğu qənaətindəyəm.

Arutunyan müharibə dövründə “prezident” postunun vakant qalacağı təqdirdə yeni “rəhbər”in “parlament” tərəfindən “seçilməsinə” imkan verən “konstitusiya dəyişikliyi” təşəbbüsü ilə çıxış edib və hətta bununla bağlı müvafiq “qərar” da imzalayıb.

Samvel Babayan da, mahiyyət etibarilə eyni mövqedən, yaxud eyni təlimata uyğun olaraq, təşəbbüs irəli sürur. “Prezident”in “parlament” tərəfindən “seçilməsini”, “hökumət”in isə “parlament seçkiləri”ndə qalib gələn “partiya”, yaxud “partiyalar” tərəfindən “formalaşdırılmasını” zəruri sayır və bunu “qərarlar”ın qəbulu və icrası prosesindən “məsuliyyətin bölüşdürülməsi” ilə əlaqələndirir.

Hesab edirəm ki, hər iki yanaşmada nəzərdə tutulan planın əsas ideyası “məsuliyyətin bölüşdürülməsi” məsələsidir. Çox güman ki, yeni təlimatlarda Araik Arutunyan və Ruben Vardanyan arasında “məsuliyyət”in, dolayısıyla isə “hakimiyyət”in bölüşüdürülməsi ilə bağlı məqamlar da yer alıb və birinci bu prosesi “müharibə” faktorunu, daha doğrusu xofunu qabartmaqla həyata keçirmək niyyətindədir. Vitali Balasanyanın zərərsizləşdirilməsi istiqamətində atılan addımlar da, çox güman ki, bu prosesin tərkib hissəsidir və ola bilsin ki, prosesə müqavimət göstərəcəkləri ehtimal olunan digər şəxslər də Balasanyanla eyni aqibəti yaşasınlar. Separatçıların Ermənistandakı uzantılarının, o cümlədən Serj Sarkisyan, Robert Köçəryan və digərlərinin son proseslərin fonunda sükuta qərq olunmaları da, təsadüfi deyil. Yəqin ki, onlara da “susun” təlimatı verilib.

Beləliklə, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində müharibə xofu altında “məsuliyyətin bölüşdürülməsi” və yaxud hansısa qeyri-populyar qərarın qəbul edilməsində daha çox insanın iştirakını təmin edə biləcək mexanizmin hazırlanması prosesinə başlanılır. Bəlkə də “müharibə” faktirundan Vardanyanın “statusu”nun yüksəldilməsi üçün istifadə ediləcək. Məsələn, separatçılar təxribata əl atacaqlar və təbii ki, bunun cavabı artıqlaması ilə veriləcək. Araik Arutunyanın geri çəkilməsi, Ruben Vardanyanın önə çıxması, qondarma rejimin başına keçməsi üçün üçün imkan yaranacaq. Yaxud bu proses “dəyişikliklər”dən sonra, Ruben Vardanyanın qondarma “hökumət başçısı” statusuna sahiblənməsi ilə yekunlaşacaq və “Ruben” planının birinci mərhələsi başa çatacaq.

Hər halda Xankəndidən, sözün bütün mənalarında “qaçaqMAL” kimi aparılan və eyni qaydada geriyə qaytarılan Ruben Vardanyanla bağlı planın dəyişmədiyi, hələlik şübhə doğrmur. Amma Vardanyan diqqəti əsas ssenaridən yayındırmaq üçün “qurbanlıq keçi” funksiyasını da yerinə yetirə bilər.

Elçin Mirzəbəyli

visiontv.az