PROFİLAKTİK PEYVƏNDLƏMƏ VƏ DİAQNOSTİK MÜAYİNƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
06.04.2019

AĞDAMDA HEYVANLAR ARASINDA PROFİLAKTİK PEYVƏNDLƏMƏ VƏ DİAQNOSTİK MÜAYİNƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Ağdam rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Hazırda Ağdam rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Ağdam Rayon Baytarlıq İdarəsinin 8 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün kənd və qəsəbələrində aparılır.

Ağdam rayonu ərazisində 41 min baş iribuynuzlu, 100 min baş xırdabuynuzlu, 50 baş donuz, 900 baş təkdırnaqlı, 3900 baş sahibli it və 369 min baş ev quşu mövcuddur.

Ağdam Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin yanvar ayından başlayaraq bu cəbhəyanı rayonun ayrı-ayrı təsərrüfatlarında 38630 baş iribuynuzlu, 964  baş təkdırnaqlı heyvanda qarayara, 2441 baş sahibli itdə quduzluq, 227152 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) və 79015 baş ev quşunda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Fevral ayından Ağdam rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 35184 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Mart ayının ilk günlərindən isə Ağdam Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 12088 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 925 baş iribuynuzlu və 68 baş xırdabuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Ağdam rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda nodulyar dermatit, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.   

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

AĞDAMDA HEYVANLAR ARASINDA PROFİLAKTİK PEYVƏNDLƏMƏ VƏ DİAQNOSTİK MÜAYİNƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
AĞDAMDA HEYVANLAR ARASINDA PROFİLAKTİK PEYVƏNDLƏMƏ VƏ DİAQNOSTİK MÜAYİNƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
AĞDAMDA HEYVANLAR ARASINDA PROFİLAKTİK PEYVƏNDLƏMƏ VƏ DİAQNOSTİK MÜAYİNƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR 

agro.gov.az