Prezidentin USTAD DƏRSİ
Prezidentin USTAD DƏRSİ
24.09.2021 Elçin Mirzəbəyli Tərəfindən

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu zaman kəsiyində təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn addımlar atılmadı, sanksiyalar tətbiq edilmədi və bütün bunlar son nəticədə işğalın 30 ilə yaxın bir zaman kəsiyində davam etməsinə zəmin yaratdı.

Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəsli Təhlükəsizlik Şurasının üzərinə “sülhün pozulması və ya təcavüz aktının mövcudluğunu müəyyənləşdirilməsi, həmçinin beynəlxalq sülhü və təhlükəsizliyi bərpa etmək" üçün hərbi və hərbi olmayan tədbirlərin həyata keçirilməsi vəzifələrinə qoyurdu.

BMT Nizamnaməsinin imperativ hüququ tələblərindən yayına bilmədikləri üçün Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı  qətnamələrə səs vermək məcburiyyətində qalan BMT Təhlükəsizlik Şurasının üzvləri 28 il ərzində bu sənədlərin icrası üçün heç bir addım atmadılar, əksinə təcavüzkara qarşı heç bir tədbir həyata keçirməməklə işğalın və digər cinayət əməllərinin davam etməsinə zəmin yaratdılar.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi statusu olan qətnamə və qərarlarının, həmçinin BMT-nin yaranış fəlsəfəsinin əsasını təşkil edən "bir dövlətin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya suverenliyinə qarşı müharibə aparmaq, ya da beynəlxalq müqavilələri və ya razılaşmaları pozmaq" kimi qeyd olunan sülh əleyhinə cinayət konsepsiyasının tələblərinin həyata keçirilməsinə imkan vermədilər.

Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən və BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu isə fəaliyyətdə olduğu müddət ərzində beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsi istiqamətində heç bir irəliləyişə nail ola bilmədi. Əksinə öz ikiüzlü siyasəti ilə işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarının davam etməsinə və münaqişənin həllinin uzadılmasına zəmin yaratdı. ATƏT-in Minsk Qrupunun həmsədrləri həm BMT Nizamnaməsinin, həm BMT Təhlükəsilzik Şurasının müvafiq qətnamələrinin, həm də ATƏT sədri tərəfindən onlara verilmiş mandatın tələblərinə məhəl qoymadan on minlərlə günahsız insanın ölümünə, bir milyon insanın faciəsinə səbəb olan işğalın faktının – status-kvonun qorunub saxlanılmasına zəmin yaratdılar.

Qeyd edim ki, Minsk Qrupu həmsədrlərinin 15 bənddən ibarət mandatının yalnız 11-ci bəndində münaqişənin real həllinə müəyyən qədər təsir göstərə biləcək mexanizmlər yer alsa da, mandatın təsdiqləndiyi gündən keçən 28 il ərzində isə bu bəndin yerinə yetirilməsi istiqamətində heç bir prinsipial addım atılmadı və hətta buna cəhd də edilmədi.

Dəyərli oxuculara aydın olsun deyə ATƏT-in himayəsi altında Minsk konfransı (Minsk Qrupu) həmsədrlərinin mandatının 11-ci bəndini onların diqqətinə təqdim edirəm:

“- ATƏT-in fəaliyyətdə olan sədri ilə məsləhətləşmələrdən sonra Minsk prosesinin gedişi, yerlərdəki vəziyyətin bütün aspektləri, müvafiq qətnamələrin yerinə yetirilməsi, həmçinin bu məqsədlə ATƏT-lə BMT arasındakı əməkdaşlığın vəziyyəti barədə BMT Təhlükəsizlik Şurası sədrinin məlumatlandırılması;

- Zəruri olduğu təqdirdə və fəaliyyətdə olan sədrlə məsləhətləşmələrdən sonra, münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qəbul edə biləcəyi yeni qətnamələrlə bağlı mülahizə və təkliflərin BMT TŞ-yə təqdim edilməsi”.
Göründüyü kimi, həmsədrlər mandatlarına uyğun olaraq, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz və tam azad edilməsi ilə bağlı müvafiq qətnamələrin yerinə yetirilməsinin vəziyyəti, işğalçının davranışları ilə bağlı BMT Təhlükəsizlik Şurasını məlumatlandırmalı, münaqişənin həllinə təsir göstərə biləcək yeni qətnamələrin qəbul edilməsi üçün BMT TŞ-yə mülahizə və təkliflərini təqdim etməliydilər. Amma etmədilər və müxtəlif adlar altında, hər dəfə işğalçı ölkənin təxribatları ilə pozulan prosesin qeyri-müəyyən vaxta kimi davam etməsi üçün səylərini əsirgəmədilər.

Məhz bu səbəbdən, Azərbaycan torpaqlarının işğalı, işğalın davam etdiyi zaman kəsiyi, bu müddət ərzində Azərbaycana və onun vətəndaşlarına dəyən zərər, günahsız insan ölümləri, soyqırım, etnik təmizləmə və vandalizm aktlarının məsuliyyəti təcavüzkarla yanaşı, həm də öhdəlik və vəzifələrini yerinə yetirməyən təşkilatların, dövlətlərin üzərinə düşür.

Bu baxımdan, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı təqdim edilən nitqinə ilk növbədə, 30 ilə yaxın bir müddət ərzində qarşılaşdığı məhayətsiz haqsızlıqlara, riyakarlıqlara baxmayaraq, öz qüdrəti, iradəsi, gücü bahasına hüquqi və ilahi ədaləti bərqərar edən qalib dövlətin başçısının USTAD DƏRSİ kimi yanaşmağın tərəfdarıyam.

Elçin Mirzəbəyli

Visiontv.az