Prezidentin qiymətləndirmə, fikir və mülahizələri dövlətin, ölkənin gələcəyə baxışının məcmusudur
Prezidentin qiymətləndirmə, fikir və mülahizələri dövlətin, ölkənin gələcəyə baxışının məcmusudur
03.02.2021 Qənirə Paşayeva Tərəfindən

Azərbaycan Prezidentinin Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışı zamanı AzTV-yə verdiyi müsahibə ötən ilin qiymətləndirilməsi, cari ilin mənzərəsinin yaradılması və dövlət-vətəndaş münasibətlərinə, xalqın rifah halına, bir sözlə, əməli çalışma sahələri üzrə dövlət başçısının baxışlarını ifadə etməsi baxımından xüsusi əlamətdardır. Əslində, Prezidentin qiymətləndirmə, fikir və mülahizələri dövlətin, ölkənin gələcəyə baxışının məcmusudur.

Ötən il daha çox iki cəbhədə mübarizədən danışırdıq, bu il də iki cəbhədə mübarizədən danışa bilərik, lakin cəbhələrdən biri öz formasını, müstəvisini dəyişmiş, digərində gərginlik azalmış, üstəlik, ciddi təcrübə qazanılmışdır.

Birinci mübarizə cəbhəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı idi. Tanrıya çox şükürlər olsun, Müzəffər Ordumuz Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə tarixi zəfərə imza atdı və indi mübarizə, daha doğrusu fəaliyyət bölgənin, ümumən Qafqazların yol infrastrukturunun yeniliklər qazanması,  intensiv işləməsi, bölgənin sosial-iqtisadi inkişafı sahəsinə yönəlib; buraya siyasi-diplomatik mübarizəni də əlavə edə bilərik. Əlbəttə, nəzərə alsaq ki, dünən Qazax istiqamətində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı baş verib, bu o deməkdir ki Ermənistan tərəfindən kiçikçaplı passiv palçıq vulkanı kimi aradabir fəallaşma cəhdləri ilə qarşılaşa bilərik, lakin o palçıq vulkanı yüksəklərə, uzaqlara gedə bilməz. – Obrazlı desək, qarşısında Əbədi Alov, Yanar Dağ və ən əsası öz vətəninə bağlı Yanar Ürəklər görüncə, öləziməyə məhkumdur...

İkinci cəbhə koronovirusla bağlıdır və biz bu yazımızda diqqəti məhz bu sahəyə, pandemiyaya yönəldəcəyik. Məlum bəşəri problem hələ öz həllini tam tapmayıb, lakin vaksinasiyalar başlayıb, müəyyən təcrübələr qazanılıb və bu planda Azərbaycan təcrübəsindən ayrıca söz edilir.

Azərbaycan 2020-ci ildə modul tipli xəstəxanaların tikilməsi, infeksiyaya qarşı beynəlxalq mübarizənin təşkili və s. sahəsində önəmli işlər gördü.

Azərbaycan Prezidentinin sədrlik etdiyi Türk Şurası, Qoşulmama Hərəkatı və Qoşulmama Hərəkatı adından, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyası səviyyəsində müzakirələr aparıldı, qərarlar qəbul edildi. Azərbaycan dövləti ikitərəfli və çoxtərəfli əməkdaşlıq mühiti yaradaraq öz ianələri, sosial dəstəkləri ilə də bizlərə milli qürur hissi yaşatdı, ölkəmizə şöhrət qazandırdı.

Tezislər şəklində sıralayası olsaq:

-Respublikamızın xəstəxana fondu hər hansı xoşagəlməz hadisələrə, pandemiyaya öncədən hazır olub. Məsələn, öncələr respublikada cəmi 8 laboratoriya var idi və gündə cəmi 1000 test keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir və bir gündə 20 min test keçirilə bilər. – Qısa müddətdə, laboratoriya sayı 5 dəfədən çox, test imkanı 20 dəfə artırılıb;

-Modul tipli 13 xəstəxana quraşdırılıb;

-Pandemiyanın ilk günlərindən işlər düzgün aparılıb, bütün gərəkən addımlar atılıb, beynəlxalq təşkilatlarla sıx təmaslar qurulub;

-ÜST pandemiyaya qarşı mübarizədə Azərbaycan Respublikasında görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı örnək ölkə kimi təqdim edib;

-“Qallap” rəy sorğu şirkətinin apardığı təhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.

-Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır.

-Azərbaycan Güney Qafqazda vaksinasiya işlərinə başlamış ilk ölkədir. – Artıq 4 milyon doz vaksin sifariş edilib və respublikaya gətirilməsi təmin edilib.
Əlbəttə, səhiyyə sahəsində qazanılmış uğurlar və qarşıya yeni hədəflərin qoyulması imkanı son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxananın yenidən tikilməsi yaxud əsaslı təmir edilməsi ilə sıx bağlıdır. Prezidentin dediyi kimi “17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi”. Cənab Prezidentin hələ 2004-cü ildə dediyi “biz qara qızılı insan kapitalına çevirməliyik” məşhur kəlamının təsdiq sahələrindən biri də səhiyyə sistemidir. Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır.

Baxmayaraq ki, o zamanlar Azərbaycanın neftdən gəlirləri aşağı idi, lakin vaxtı ilə ARDNŞ-in I vitse-prezidenti vəzifəsində də çalışmış – neft-qaz sənayesindən, dünyada müşahidə edilən neft-qaz tendensiyalarından biləvasitə məlumatlı, bir sözlə, neft-qazla bağlı beynəlxalq gəlişmələri yaxşı bilən cənab İlham Əliyev, gələcəyi dəqiq proqnozlaşdıra bilib, nəhayət qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib. Yalnız bir misal çəkək: Azərbaycanda hər il 5 milyon insan – ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən keçir. – Azərbaycan belə təşəbbüsü həm irəli sürən, həm də reallaşdıran nadir ölkələrdəndir.

Pandemiyaya qarşı mübarizənin Azərbaycan modeli bir sıra başqa gerçəkləri, həqiqətləri də üzə çıxardı. Bu gerçəkliyi, həqiqəti bir cümləyə sığdırası olsaq, “Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin təşkilatçısı kimi çıxış edir” deyə bilərik.

Ölkə başçısının dedikləri əsasında mənzərəyə diqqət edək:

-Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr bu günə qədər vaksinlərin nə az-nə çox, düz 53 faizini sifariş edib;

-Ən keyfiyyətli vaksinlər sayılan “Moderna” vaksininin 98 faizini, “Pfizer” vaksininin 96 faizini məhz zəngin ölkələr sifariş edib;

-Daha konkret misala keçək: Azərbaycan Vətən Müharibəsi vaxtı ədalətsizcə və aidiyyatı olmadan ermənipərəst mövqe tutan Kanada öz əhalisinin sayından 4 dəfə (!) çox vaksin sifariş edib (?!). Bu, digər ölkələrdə 120 milyon insana vaksinlərin çatmaması deməkdir. Yəni kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların sağlamlığı risk altına düşür. Və neomüstəmləkəçi ölkələrin başqalarını nədəsə ittiham etməyə mənəvi haqqı yoxdur...

Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının “COVİD-19”la bağlı Xüsusi sessiyasının keçirilməsinə, nəhayət 2020-ci ilin son ayında nail oldu. Dövlət başçımız BMT Baş Assambleyasının Xüsusi sessiyasında çıxış edərkən bütün ölkələri bir daha həmrəyliyə, bu qlobal bəlaya qarşı mübarizədə təşəbbüsləri zəruri şəkildə birləşdirməyə, habelə zəngin ölkələri məsuliyyət göstərməyə çağırdı.

Azərbaycan Respublikasının ikitərəfli, çoxtərəfli ortamda ianələrini qeyd etdik.

“Neomüstəmləkəçiliy”ə yenidən vurğu edərək, vaksinlər uğrunda mübarizənin daha da kəskinləşə biləcəyi və bunun bir çox faciəli fəsadlara gətirib çıxara biləcəyinin narahatçılıq təşkil etdiyini deyə bilərik. Prezident dediyi kimi: “COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır”. – Azərbaycan Prezidenti zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isə bu sahədə qazanc dalınca qaçmamağa çağırır. Bu çağırışı dünya nə qədər tez duysa, bəşəriyyət üçün, bəşəri tərəqqi üçün bir o qədər yararlı olar.

Azərbaycan dövləti öz bəyanatlarına sadiqdir, beynəlxalq hüququ qoruyur, ədaləti pozmur, haqq səsini ucaldır. – Bu, önəmli baxış, yanaşma ən yeni dönəm dünya tarixinə Azərbaycanın Məsuliyyət Modeli kimi düşəcək.

DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva

Visiontv.az