Prezident: “Sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır”
04.02.2020

“Rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır”.

Visiontv.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, sahibkarlar vergini tam verməlidirlər: “Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”.