Prezident İlham Əliyev bir daha sübut etdi ki, onun üçün milli, dövlət maraqları hər şeydən üstündür - deputat Nəsib Məhəməliyev
Prezident İlham Əliyev bir daha sübut etdi ki, onun üçün milli, dövlət maraqları hər şeydən üstündür - deputat Nəsib Məhəməliyev
21.04.2021 Nəsib Məhəməliyev Tərəfindən

Qeyd etmək istərdim ki, Prezident İlham Əliyev həmişə olduğu kimi dünənki səfərində də Azərbaycan ictimaiyyətini narahat edən bir çox məsələlərə aydınlıq gətirməklə bir daha sübut etdi ki, onun üçün milli, dövlət maraqları hər şeydən üstündür. Strateji, prinsipial məsələlərlə bağlı məlumatları şəffaflıqla ictimaiyyətlə bölüşür.

Rusiya sülhməramlıları 10 noyabr razılaşmasına uyğun olaraq Qarabağ ərazisinə gətirilmişdir və o dövrün şərtlərinə görə məqbul addım idi. Rusiya sülhməramlılarının bölgəyə gətirilməsi ilə, uzun illər ərzində heç bir ciddi fəaliyyəti olmayan, daha çox münaqişəni həll etmək əvəzinə birtərəfli mövqe tutan ATƏT-n Minsk qrupu oyundan kənar saxlandı. Demək olar ki, neytrallaşdırıldı. Təəssüf ki, sonradan müəyyən geosiyasi maraqların toqquşması  nəticəsində sülhməramlılar konkret razılaşmalardan kənara çıxaraq, missiyaları ilə uzlaşmayan fəaliyyətlə məşğul oldular. Düşünürəm ki, onların öz üzərlərinə götürdükləri öhdəlikləri pozması fikrini qəti şəkildə bildirmək hələ tezdir. Proses gedir. Hər şey 10 noyabr və 11 yanvar razılaşmalarındakı müddəaların tam şəkildə icrasından asılıdır. Əminəm ki, icra olunacaqdır. 

Şuşa şəhərinə atılmış “İskander-M” raketlərinə qaldıq da isə ölkə Başçısı belə bir fikir işlətdi. “O raketlərlə bağll bizdə kifayət qədər məlumatlar var”. 

Təbii, müasir informasiya kommunikasiya texnologiyaları o səviyyədə inkişaf etmişdir ki, belə silahların saxlanılması, istifadə edilməsi xüsusi xidmət orqanlarının tam nəzarətindədir. Hətta atıldıqdan sonra onların uçuş trayektoriyasını dəqiqliklə izləmək mümkündür. Xatırlayırsınızsa, müharibənin ilk günlərində ermənilərin SU-25 təyyarəsi qəzaya uğramışdı. Onlar bütün dünyaya car çəkərək Türk F-16-ları vasitəsilə vurulduğunu sübut etməyə çalışsalar da biabır oldular. 

Rusiya telekanalarında ənənəvi qaragüruh həmin raketlərin qaçaq yolu ilə döyüş bölgəsinə keçirilməsi iləbağlı gülməli fikirlər səsləndirirlər. Başa düşmürlər ki, “İskander” tək raketlərdən ibarət deyil, böyük bir kompleksdir. Kompleksin qaçaq yolla ölkədən çıxarılması mümkün deyil. 

Belə qeyri-ciddi izahatlar Rusiya kimi dövlətə hörmət gətirmir. Əksinə, özünü çıxılmaz vəziyyətə salır. 

Prezident haqlı olaraq bu məsələləri təkrar qaldırdı. Bu təkcə Azərbaycan üçün yox, bütövlükdə beynəlxalq təhlükəsizliyin qorunması üçün olduqca vacibdir. 

Azərbaycan hər zaman Rusiya ilə münasibətlərə xüsusi önəm vermişdir. Strateji müttəfiq olaraq, ikitərəfli münasibətlərin şəffaf olması, daha inkişaf etdirilməsi üçün aramızda qaranlıq məsələlər olmamalı, qaldırılan məsələlərın izahı verilməlidir.

Visiontv.az