Prezident İlham Əliyev açıq mətnlə din qardaşlığından danışan bir ölkəni beynəlxalq hüququn prinsiplərinə zidd davranışlardan çəkinməyə çağırır
23.07.2021

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət televiziyasına verdiyi müsahibədə Laçın dəhlizi ilə Azərbaycanın Qarabağ bölgəsinə müxtəlif ölkələrə aid avtomobillərlə yüklərin daşınması və Qarabağdakı sepratçı qüvvələrə dəstək verilməsi ilə bağlı məlumatların qeyd olunması onu göstərir ki, Azərbaycan dövləti bütün imkanlardan istifadə etməklə Azərbaycan ərazisinə, xüsusilə də Qarabağ bölgəsinə dövlət nəzarətini həyata keçirir.

Bir daha aydın olur ki, bölgədə baş verənlər Azərbaycanın müvafiq qurumlarının tam nəzarətindədir. Heç bir dövlət, birlik hesab etməsin ki, Azərbaycan dövlətinin xəbəri olmadan separatçı rejimə hər hansı bir yüklərin daşınması, yardımın edilməsi həyata keçirilə bilərlər. Əslində Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi bu fikirlər daha çox cənub qonşumuza aiddir. Çünki dəfələrlə foto, video materiallar yayılıb ki, İrana məxsus dövlət nömrə nişanlı yük maşınları ilə Laçın dəhlizindən keçməklə Qarabağa, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə yüklər daşınır. Azərbaycan Prezidenti İlham Əliyev əslində açıq mətnlə dostluqdan, mehriban qonşuluqdan, din qardaşlığından, tarixi-mədəni birliyimizdən danışan ölkəni davranışlarında səmimiyyətə, beynəlxalq hüququn prinsiplərinə zidd davranışlardan çəkinməyə çağırır. Eyni zamanda, İran tərəfinin Qarabağdakı separatçı qüvvələrə bütün mümkün variantlardan istifadə etməklə  yardım etməsindən Azərbaycan dövlətinin xəbərdar olduğunu çatdırmaq istəyirdi. Bu mesajlar həm də bölgədə sülhməramlı missiyanı həyata keçirən qüvvələrə və onun komandanlığına ünvanlanıb: demək, missiyanızı tam dərk etmir, yaxud qüsurla yerinə yetirirsiniz. Əks halda, bu ərazilərə üçüncü dövlətə məxsus yük maşınları daxil ola bilməzdi.

Mən xüsusi ilə 44 günlük Vətən müharibəsi günlərində dostluqdan, müttəfiqlikdən danışan qonşularımızın Azərbaycana arxadan zərbə vurmaq, Ermənistana dəstək göstərmək üçün etdiyi çabaları xatırlamaq istəyirəm. Dövlət başçısı 44 günlük Vətən müharibəsində xarici KİV-lərə verdiyi müsahibələrdə dəfələrlə qeyd edirdi ki, biz Ara Abramyan, David Qalstyan kimi cinayətkarların qanunsuz yollarla silah əldə edib, bu silahların müxtəlif  vasitələrdən və müxtəlif marşurutlardan, xüsusilə İran üzərindən keçməklə Ermənistana daşındığını bilirik. Azərbaycan xalqı olaraq, bunların heç birini unutmamışıq. Hətta müharibə dövründə cənublu qardaşlarımızın İran ərazisindən Ermənistana silah daşınmasını həyata keçirlən müxtəlif nəqliyyat karvanlarının qarşısını almağa çalışdıqlarını və bu zaman baş verən insidentləri də unutmamışıq. Bütün bunlar onu göstərir ki, əslində Azərbaycan dövləti və xalqı baş verən proseslərin fərqindədi. Biz hər zaman qonşularımızdan  mehriban qonşuluq münasibətləri, daxili işlərimizə qarışmamalarını, qonşularla münasibətdə daha diqqətli və həssas olmalarını,  eyni zamanda Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qüvvələrə  gizli və ya açıq şəkildə dəstək göstərməmələrini gözləyirik. Bunu əslində bir dövlət, xalq olaraq tələb edirik. 
Hesab edirəm ki, cənub qonşumuzun Qarabağ bölgəsindəki separatçı rejimə müxtəlif yollarla yüklərin çatdırılması istiqamətindəki fəaliyyəti əslində ermənlərə dəstəkdən daha çox separatizmin dəstəklənməsidir. Din qardaşı adlandırdığımız qonşu dövlətin separatizmi dəstəkləməsidir. Bununla Azərbaycanın ərazi bütövlüyünə və dövlət suvernliyinə zərbə vurmağa çalışılır.

Hesab edirəm, bu, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqla açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışmaqdır. Ölkə başçısı İlham Əliyevin son açıqlamasından sonra İran rəsmiləri bir daha atdıqları addımları daha dərindən götür-qoy etməli və Azərbaycan dövlətinin onlara bəslədiyi xoş münasibətə adekvat davranış sərgiləməlidirlər.

Hesab edirəm mesaj tam ünvanına çatıb və biz bundan sonra müəyyən qədər fərqli situasiyanın şahidi olacağıq.

Politoloq Anar Əliyev

Visiontv.az