Prezident İlham Əliyev 4-cü “ADEX” və 13-cü “Securex Caspian” sərgiləri ilə tanış olub
06.09.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Expo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri ilə tanış olub.

Visiontv.az xəbər verir ki, Prezidentin Mətbuat Xidməti bununla bağlı məlumat yayıb.

Azərbaycan Prezidenti Müdafiə Sənayesi Nazirliyinin və sərgidə iştirak edən xarici ölkələrin pavilyonları ilə tanış olub.

Qeyd edək ki, “ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.

Sərgidə 208 şirkət təmsil olunur. “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib, sahə olaraq 5% artım nümayiş etdirilir.

İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. İlk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.