Prezident əmin olmaq istəyir ki, xarici təhdid artarsa, müxalifət liderləri onun arxasında olacaq - Azər Rəşidoğlu
Prezident əmin olmaq istəyir ki, xarici təhdid artarsa, müxalifət liderləri onun arxasında olacaq - Azər Rəşidoğlu
28.10.2020 Azər Rəşidoğlu Tərəfindən

Ali Baş Komandanın son müraciətini birlik çağırışı adlandırıb, Azərbaycan müxalifətinin real gücü olan AXCP və Müsavat rəhbərliyindən xahiş eləmişdim ki, onlara uzanan əli sıxsınlar.

Gözlədiyim kimi üzərimə hücumlar oldu, “hamı dəstək verir” arqumenti gətirirdi. Bəli, hamı orduya dəstək verir, qalib orduya kim dəstək verməyə bilər ki? Hətta “ərazilərimiz azad edilməlidir, “şəhidlik zirvədir” deyənləri şərəfsiz vətənşüvən adlandıran və onları təhqir edənlər də ritorikalarını tam dəyişdilər. Lakin ölkə rəhbərinin son çıxışında xarici təzyiqlərdən söz açılırdı, Prezident əmin olmaq istəyirdi ki, xarici təhdid artarsa, müxalifət liderləri, ictimai rəyə təsir edən hər kəs onun arxasında olacaq. Məhz buna görə, AXCP və Müsavata bu çağırışı etdim.

Cavab dərhal gəldi. AXCP sədri Əli Kərimli – “Azərbaycan hakimiyyəti xalqımızın birliyindən, müxalifətin dəstəyindən əmin olaraq bütün xarici təzyiqləri qətiyyətlə dəf etməlidir” cavabını verdi və buna görə ona təşəkkür düşür. Əsl Əbülfəz Elçibəy əxlaqına uyğun addım idi. Əli Kərimli müxalifətin önəmli siması kimi bunu elədi. Düşməni qorxudan milli birliyimizdir. Kimlərsə bu birliyə mane olur. Anlamaq lazımdır ki, artıq Siyavuş Novruzovlara yer yoxdur. Müxalifətin özünün də Siyavuşları var və onlara da yer olmayacaq. İndi növbə cənab Ali Baş Komandanındır. Daha geniş birliyə nail olmaqla düşmənin planını pozmalıyıq. Düşünürəm ki, cənab Prezident əfv sərəncamı imzalamalı, ən azı “Qarabağ yürüşü”ndə həbs edilənləri azad etməlidir. Əminəm ki, belə addım atılarsa, müxalifətin daha böyük dəstəyi gələcək.

Zatən, bu gün anti-terror əməliyyatında şəhid olanlar arasında müsavatçı, cəbhəçi igidlərimiz kifayət qədərdir. Bu torpaq hamımızındır! Bu gün ORDUMUZUN tarix yazdığı günlərdə bir Ali Baş Komandan kimi İlham Əliyevin nüfuzu o dərəcədə yüksəkdir ki, heç kəs onunla rəqabətə girə bilməz. Odur ki, hakimiyyətdə olan ekspertlər müxalifətin jestlərini qısqanclıqla qarşılamamalıdırlar. İlham Əliyev və müxalifət birliyi nəticəsində Böyük Azərbaycan qurula bilər. Bizi gözləyən təzyiqlər barədə Prezident Əliyev açıq danışdı.

Qalib və ya məğlub olacaq şəxs o deyil, Azərbaycandır. Azərbaycan naminə milli birliyimizi qorumalı və qələbəyə doğru addımlamalıyıq. Bu yolda kim olmayacaqsa, tarix onun cavabını verəcək.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Visiontv.az