“Post-münaqişə” termini Qoşulmama Hərəkatının Bəyannaməsinə daxil edildi
“Post-münaqişə” termini Qoşulmama Hərəkatının Bəyannaməsinə daxil edildi
15.07.2021 Elçin Mirzəbəyli Tərəfindən

İyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının (QH) “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda keçirilən Nazirlər Konfransında Siyasi Bəyannamə qəbul edilib. Bəyannamədə QH-nin gündəliyində duran aktual məsələlərlə bağlı Hərəkata üzv dövlətlərin mövqeyinin ifadə edilməsi ilə yanaşı, ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir sıra bəndlər yer alır.

Belə ki, QH üzv dövlətləri sözügedən Siyasi Bəyannamə vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü yüksək qiymətləndirdiklərini bildirir və qlobal miqyasda belə bir mürəkkəb dövrdə QH-yə uğurlu sədrliyinə, eləcə də Hərəkata nəzərdə tutulandan 1 il artıq – 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğuna görə Azərbaycan Respublikasına minnətdarlıq ifadə edirlər.

Bundan əlavə, Bəyannamədə QH-nin sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilmiş bir sıra uğurlu təşəbbüslər, o cümlədən 4 may 2020-ci il tarixində keçirilmiş QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclası, 3-4 dekabr 2020-ci il tarixlərində baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası, eləcə də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 22 mart 2021-ci il tarixində qəbul edilmiş pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamə alqışlanır. Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycan sədrliyinin təşəbbüsü ilə təşkil olunmuş QH Modeli Beynəlxalq Simulyasiya Təlimi də Bəyannamədə alqışlanır.

Bəyannamədə, həmçinin Azərbaycan tərəfinin təklifinə uyğun olaraq, QH üzv dövlətlərində post-münaqişə dövrü bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətinin əhəmiyyəti qeyd edilərək, bu xüsusda mina və digər partlamamış hərbi sursatlarla çirklənməyə ən çox məruz qalmış QH üzv dövlətlərində effektiv mina təmizləmə fəaliyyətinin və bu prosesə beynəlxalq dəstəyin vacibliyi vurğulanır.

Elçin Mirzəbəyli

Visiontv.az