Polşa ABŞ-ın "Apache" hücum helikopterləri üçün 10 milyard dollarlıq müqavilə imzalayıb
16.08.2024

Polşa ölkənin hərbi imkanlarını təkmilləşdirmək üçün çərşənbə axşamı ABŞ-ın "Boeing" şirkətindən 96 ədəd "Apache" hücum helikopteri almaq üçün 10 milyard dollarlıq müqavilə imzalayıb.

Rusiyanın 2022-ci ildə qonşu Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Polşa silahlı qüvvələrinin modernləşdirilməsini kəskin şəkildə sürətləndirib.

Müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə "Bu, Polşanın silahlı qüvvələri üçün 96 ədəd ən müasir "AH-64E Apache" hücum helikopteri alması əlamətdar bir hadisədir" deyib.

"Bu gün biz ordunun transformasiyası və təchiz edilməsində mühüm mərhələyə qədəm qoyuruq" - deyə o, "Apache"lərin yerləşdiriləcəyi İnovroslav avia-bazasında çıxış edərək bildirib.

Bu, Polşanın ABŞ-la son günlərdə imzaladığı müqavilələrdən sonuncusudur.

Varşava yüzlərlə hava-hava "AIM-120C AMRAAM" raketləri almaq üçün keçən cümə günü müqavilə imzalayıb. Bazar ertəsi isə ABŞ-ın dizayn etdiyi "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 48 buraxılış qurğusunun tikintisinə dair müqavilə imzalanıb.

Ukraynanın sadiq müttəfiqi olan Polşa bu il illik iqtisadi məhsulunun 4%-dən çoxunu müdafiəyə xərcləyəcəyini bildirib ki, bu, NATO-nun 2%-lik hədəfindən iki dəfə çoxdur.

Ukrayna müharibəsi həm də ABŞ-la NATO-nun şərq cinahında yerləşən və Vaşinqtonu özünün əsas müttəfiqlərindən biri kimi görən Polşa arasında münasibətləri möhkəmləndirib.

"Apache" helikopterlərinin satışı keçən il ABŞ Dövlət Departamenti və Konqresi tərəfindən təsdiqlənib.

Kosinyak-Kamış Polşanın keçmişdə aldığı "Abrams" tanklarına işarə edərək, müqavilənin "Polşa ordusunun əməliyyatlarının simasını dəyişdirir və əvvəlki satınalmaları tamamlayır" deyib.

Polşa hökumətinin məlumatına görə, "Apache"lər tanklarla işləmək üçün nəzərdə tutulub.

visiontv.az