Peyvəndləmə inkişaf etmiş ölkələrdə daha sürətlə və kütləvi aparılır - Elman Sadıqov
Peyvəndləmə inkişaf etmiş ölkələrdə daha sürətlə və kütləvi aparılır - Elman Sadıqov
04.01.2021 Elman Sadıqov Tərəfindən

Bu yazıda analitik təhlilin fərqli bir yanaşmasını tətbiq etməklə müəyyən nəticələr əldə etməyə çalışacam. Bu yanaşma ilk baxışda bir-birinə bağlı olmayan müxtəlif fikir, hadisə və faktların vahid bir fikir ətrafında birləşməsi və nəticə çıxarılmasıdır.

Birinci fakt. Bill Gates`in bir fikri məndə ciddi suallar yaratmışdı. Bill Gates`in fikrinə görə virus inkişaf etmiş ölkələrdə inkişaf etməkdə olan və kasıb ölkələrə nisbətən daha tez yoxa çıxacaq. 2021-ci ildə inkişaf etmiş ölkələrdə, 2022-ci ildə isə tədricən inkişaf etməkdə olan və kasıb ölkələrdə. Ziddiyyətli və tələsik qərar vermək üçün yanıldıcı fikirdir. Yəni, ilk baxışda sadə fikirdir. İnkişaf etmiş ölkələrin səhiyyəsi və iqtisadiyyatı inkişaf etdiyi üçün virus tez yoxa çıxacaq. Amma belə deyil. Əhali sayı məsələsi var, ərazi məsələsi var, böyük iqtisadiyyatın (əslində ən böyük milyardlarla zərər elə böyük iqtisadiyyatlara dəydi) böyük dərdi var və sair. Bill Gates kimi (hər mənada) dərin və ağıllı adam belə bəsit fikir səsləndirməz, səsləndirsə də o bəsitliyin arxasında bir mürəkkəblik, bir və ya bir neçə mesaj var.

İkinci fakt. Bill Gates 8 dekabrda Sinqapurdakı çıxışında 2021-ci ilin I rübünə kimi 6 vaksinin rəsmən qeydiyyata alınacağını proqnozlaşdırıb. 6 vaksindən 3-nün (məhz həmin 3 vaksinin də Bill və Melinda Gates fondunun iştirakı ilə ərsəyə gətirildiyini qeyd edir) inkişaf etməkdə olan və kasıb ölkələr üçün daha uyğun ola biləcəyini qeyd etmiş, sonra isə vaksin istehsalçısı olan 5 şirkətin adını çəkmişdir: AstraZeneca, Johnson & Johnson, Novavax, Pfizer (BioNTech) və Moderna. 6-cı şirkətin adını çəkməkdən imtina etmişdir.

Üçüncü fakt. Konkret olaraq vaksinlərin hazırlanmasında 2 yanaşma tətbiq olunub. RNT tərkibli və COVİD-19-un zəiflədilmiş virusları tərkibli. RNT əsaslı vaksinlər böyük ehtimalla mövcud koronavirus və koronavirusun yeni ştammlarına qarşı və daha böyük ehtimalla mutasiya edə biləcək digər formalarına da qarşı qoruma xüsusiyyətinə malik olacaq. Məhz mövcud koronavirusun zəiflədilmiş viruslarına malik 2-ci tip peyvəndlər isə daha çox hazırki COVİD-19-a qarşı effektiv olacaq, lakin yeni ştamm və ya yaxın gələcəkdə ortaya çıxacaq yeni koronaviruslara qarşı effektiv olma ehtimalı aşağıdır. (Bir daha vurğulayıram ki, qeyd olunanlar ehtimaldır. Amma 1-ci növ peyvəndlərin təsirlərinin 2-ci növ peyvəndlərə nisbətən geniş olma ehtimalı yüksək qiymətləndirilir). Digər tərəfdən, RNT əsaslı vaksinlərin (məsələn, Pfizer) saxlanılma şəraiti ağırdır (-70˚C). Bu vaksini daşımaq, saxlamaq üçün tələb olunan zəncir (infrastruktur) isə yalnız inkişaf etmiş ölkələrdə mövcuddur. O səbəbdən həmin vaksinlərdən inkişaf etmiş ölkələr istifadə edə biləcəklər. İnkişaf etməkdə olan ölkələr isə 2-ci tip vaksindən istifadə edəcəklər.

Haşiyə: Əslində bu amili TƏBİB sədri son brifinqdə ətraflı şəkildə izah etmişdir. Amma cəmiyyət olaraq biz daha ciddi amilləri kənara qoyaraq, terminlər, virus və sair kimi məsələlərə fokuslanmışdıq. Yəni, səhiyyə sistemimiz RNT tərkibli vaksinlərin daşınma, saxlanma və çatdırılma zənciri və infrastrukturuna malik olmadığı üçün hansı növ vaksindən istifadə etmək seçimimiz əslində yoxdur. Sadəcə olaraq, 2-ci növ vaksinlərin arasından hansı ölkənin vaksinin seçmə şansımız var.

Dördüncü fakt. Məhz peyvəndləmə başlayanda COVİD-19-un yeni ştammı ortaya çıxdı və sürətlə yayılır.

İndi isə faktları birləşdirək. RNT əsaslı vaksinlər inkişaf etmiş ölkələrdə istifadə olunacaq və istifadəsindən sonra böyük ehtimalla virusun yeni ştammlarına da qarşı təsirli olacaq. Peyvəndləmə inkişaf etmiş ölkələrdə daha sürətlə və kütləvi aparılır. Bu səbəbdən peyvəndləmə həm daha tez bitəcək, həm də yeni ştammların da təsirini minimallaşdıraraq onların qapanmaya getməyə məcbur etmək gücünü zəiflədib yox edəcək. Onsuz da öldürücülük qabiliyyəti zəif olan yeni ştamm kütləvi yayılarsa sağlıq məsələlərindən daha çox səhiyyə sistemini, sonra isə iqtisadiyyatı çökdürə bilmə ehtimalına qarşı qapanma məcburi ola bilər. Qapanma əslində öldürücülük qabiliyyətinə görə deyil, məhz kütləviliyə görə məcburi ola bilər. Digər tərəfdən 6-cı peyvənd hələ sirr olaraq qalır. Kaş o peyvəndə heç ehtiyac qalmasın. Amma, adı açıqlanmayıb özü mövcud olan həmin peyvəndin də deməli öz missiyası ola bilər.

Minimum olaraq, nə üçün inkişaf etmiş ölkələrdə virusun daha tez məhv olub iqtisadiyyatların daha sürətli açılışının səbəbini gördük. Fərqli vaksinlər, fərqli yanaşmalar, fərqli sistemlər.

İqtisadi olaraq ən böyük nəticəsi isə bu olur ki, inkişaf etmiş ölkələr iqtisadiyyatlarının bərpasına post-pandemiya dövründə 3 addım öndə başlayacaq. Niyə 3 addım? Öndə olan ilk addım virus və onun sağlığa olan təsirlərini daha tez məhv etdiklərinə görə. 2-ci addım həmin ölkələrin pullarının dünya rezerv valyutaları və sərbəst valyutalar olması səbəbindən iqtisadiyyatlarının bərpası zamanı manevr imkanlarının daha çox olması. 3-cü addım da öncəki 2 addımın gətirdiyi üstünlüyə əlavə olaraq inkişaf etməkdə olan ölkələr üzərindəki diqtə etmək və həmin ölkələrin iqtisadiyyatlarının bərpasında iştirak etməklə qazanılan iqtisadi (borc verilməsi, investisiya qoyuluşu) qazanc və siyasi (siyasi nüfuz dairəsinin artması) dividendlər. Bu 3 addım həmin ölkələr üçün həm də ona görə vacibdir ki, əvvəla, onlar da 2022-ci ildən etibarən iqtisadiyyatlarının bərpasına qədər hamar, rahat, itkisiz yol keçməyəcəklər. Bir çox həlli vacib məsələləri həll etməli olacaqlar. Daha ciddi resessiya və ya böhran yaşamamaq hazırda onların ən prioritet məsələsidir. İkincisi, iqtisadiyyatlarının daha sürətli və daha az maliyyətli bərpası üçün öz aralarında da amansız rəqabət aparmalı olacaqlar. Bu rəqabətin təsirini də inkişaf etməkdə olan ölkələr öz üzərlərində hiss edəcəklər. Amma heç də mənfi mənada deyil. Bundan müsbət mənada yararlana bilmək isə hər bir inkişaf etməkdə olan ölkənin məsələlərə yanaşma tərzindən asılı olacaq. İqtisadiyyatlarını daha sürətlə bərpa edən ölkələr 2021-2022-ci illər ərzində vəziyyəti düzgün qiymətləndirib düzgün seçim edənlər, xroniki böhrana düşəcək ölkələr isə əksinə, vəziyyəti düzgün qiymətləndirməyib yanlış seçim edən ölkələr olacaqlar.

Hesablamalara görə dünya iqtisadiyyatı 2019-cu ilin iqtisadi inkişaf tempini ən yaxşı halda 2022-ci ilin sonlarına doğru əldə edə bilər. Amma, bu ayrı-ayrı ölkələrə aid deyil. Bəzi ölkələrin öz iqtisadiyyatlarının 2019-cu ildəki tempini bərpa etmələri üçün bir neçə illər lazım olacaq, bəzi ölkələrin isə təəssüf ki, bu tempi 2030-cu ilə bərpa etmək şansı çox zəif qiymətləndirilir.

Əvvəlki fikrimdə qalıram ki, post-pandemiya dövründə iqtisadi bərpa daha sürətli olacaq. Çünki, qapanmalar bir çox prosesləri yay kimi gərmişdir. Amma, bu proses müxtəlif ölkələrdə müxtəlif cür olacaq. Məsələn, başqa bir ölkənin daha sürətli bərpası digər bir ölkənin daha sürətli iqtisadi çöküşünə səbəb ola bilər və ya əksinə.

Qısası, hər bir ölkə hazırda iqtisadiyyatlarının şahmatını oynayır. Şahmatda 2 amil ən önəmli rol oynayır: Zamanlama və bir və ya ardıcıl bir neçə ardıcıl gediş. Bu gediş(lər) iqtisadiyyatı qaldıra da bilər, batıra da..

P.S. Əslində kifayət qədər mürəkkəb bir mexanizmin işləməyə, yeni iqtisadi düzənin formalaşmağa, iqtisadi əlaqələrinin formasını dəyişdiyi bir yoldayıq. Bu 30 illik yol 2001-ci ildə başlayıb. Ən həlledici mərhələsi isə 2023-2030. Məsələlər o qədər mürəkkəbdir ki...

Visiontv.az