Peyvənd məntəqələrinin soyuducuları üçün temperatur monitorinqi cihazları gətirilib
10.11.2022

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsi çərçivəsində tibbi avadanlıqların təhvil-təslim mərasimi keçirilib.

Visiontv.az xəbər verir ki, ÜST-dən verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və yerli səhiyyə tərəfdaşları iştirak edib.

Ölkədə həm COVID-19, həm də rutin peyvəndlərin saxlanması və daşınması üçün soyuq zəncir sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi və TƏBİB-ə 3000 ədəd donma indikatoru, 520 peyvənd daşıyıcısı, 70 müxtəlif litrajlı soyuq qutu və ölkənin peyvənd məntəqələrində istifadə olunan bütün soyuducular üçün 1800 sayda 30 günlük temperatur monitorinqini təmin edən cihaz təhvil verilib.

Tədbirdə yerli səhiyyə tərəfdaşlarına təhvil verilmiş avadanlıqların ölkədə soyuq zəncir sisteminin gücləndirilməsi və peyvəndlərin insanlara təhlükəsiz şəraitdə çatdırılması baxımından vacibliyi vurğulanıb. Təhvil verilmiş avadanlıq və cihazlardan düzgün istifadə məqsədilə bütün peyvənd məntəqələrinin işçilərinə təlimlərin keçirilməsi planlaşdırılır. ÜST-nin texniki dəstəyi ilə ölkə üzrə keçirilən soyuq zəncir avadanlıqlarının inventarlaşdırılmasının nəticələrinə əsasən, Layihə çərçivəsində ölkədə daha çox ehtiyac duyulan soyuq zəncir avadanlığı və tibbi cihazların təchizatının davam etdirilməsi nəzərdə tutulub.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Peyvənd məntəqələrinin soyuducuları üçün temperatur monitorinqi cihazları gətirilib

APA