Peyğəmbər Tanrını öz dilində başa düşüb - Nadir Qocabəyli
05.03.2021

Ateistlər deyir ki, niyə Quran ərəbcə gəldi? Məgər ərəblər başqa xalqlardan üstündür?

Dindarlar da əksərən cavab verirlər ki, ərəb dilinin imkanları daha yüksəkdir...

Mənim yozumum necədir. Quranın ərəbcə olmasının birinci səbəbi, məncə, peyğəmbərin ərəb olması, ərəbcədən başqa dil bilməməsidir.

Ancaq bu heç də o demək deyil ki, tanrı, ya da tanrı mələyi onunla ərəb dilində danışıb. Mənə görə, tanrının dili insan dili, yaxud heç bir millətin dili deyil. Tanrı bizə ötürdüyü mesajları öz dilində verib və peyğəmbər onları öz dilində başa düşüb. Əgər peyğəmbər türk olsaydı, Quran da türk dilində olacaqdı. Yeri gəlmişkən, Quran bizim dildə “Oxu” deməkdir...

Bir qədər sadə olsun deyə, belə də demək olar. Peyğəmbər tanrının mesajlarını ərəb dilinə tərcümə edib. Tanrının dilini necə dinlədiyini və anladığını isə özü bilir, ya da heç bilmir. Deyilənə görə, o sadəcə özündən gedir, ayıldıqdan sonra ayələri diktə edirmiş. Bu bir sirdir, tanrı sirri.

Peyğəmbəri yalançı sayanlarla qətiyyən razı deyiləm, o, tanrıyla danışdığına, əlaqədə olduğuna inanırdı və insanlara məhz onun mesajlarını çatdırdığını düşünürdü. Kimsə ona inanmaya bilər, əlbəttə. Bu, sırf şəxsi qənaətdir. Amma mən inanıram.

Niyə inanıram. Çünki mən özüm də bəzən müəyyən fikirləri sanki hansısa ilahi qüvvənin diktəsi ilə yazdığımı və ya söylədiyimi düşünürəm. Elə bil kimsə mənə dedirdir bu sözləri. Elə bil, ilham gəlir, vəhy gəlir, amma bəzən də sanki şüurum, dilim bağlanır. Bunlar məndən asılı deyil. Düşünürəm ki, bütün insanlarda, xüsusilə də, yaradıcı adamlarda eynilə belədir.

Peyğəmbərlərdə isə bu duyğu, qabiliyyət hamıdan yüksəkdir. Çünki daha üstün yaradılıblar.

Visiontv.az