Peqov və Milonov: onları nə birləşdirir?
11.01.2022

Onların missiyası eynidir: təxribatçı çıxışlar və çağırışlar etmək, separatizmə dəstək vermək, beynəlxalq hüquq normalarına sayğısızlıq göstərmək

Elm sübut edir ki, fiziki bənzərlikləri olan insanların bir çox hallarda psixoloji vəziyyəti - ruh halı (düşüncə və mənəviyyat səviyyəsi) də oxşar olur. Bu, həmin insanların fikir, hərəkət və davranışlarında, daha dəqiq desək, əməllərində də özünü göstərir. Çox uzağa getməyək, son günlər sosial şəbəkələrdə yayılmış 2 cüt - 4 tək fotoya istinadla iki nümunə əsasında bu qənaəti əsaslandıra bilərik.

Peqov və Milonov: onları nə birləşdirir?

Birincisi, Semyon Peqov ilə Vitali Milonovun bənzərliyidir. Oxşarlıq təkcə simalarının cizgisində - sifət quruluşlarında, mimika və jestlərində deyil, həm də niyyət və fəaliyyətlərində özünü göstərir. Məsələn, “WarGonzo”nun jurnalisti Peqovun işi - peşəsi təxribatçı fəaliyyətlə məşğul olmaq, təxribat 
xarakterli addımlar atmaqdır. O, 44 günlük Vətən müharibəsi zamanı cəbhədən Azərbaycanın əleyhinə təxribat, separatizmə dəstək xarakterli məlumatlar yayır, qara piar kampaniyası aparırdı. Bu gün isə həmin Semyon Qazaxıstana gedib. İnformasiya resurslarında və sosial şəbəkələrdə yayılan məlumatlardan görünür ki, o, sülhməramlı kontingentin təyyarəsi ilə Baykanura yola düşüb və Baykanur kosmodromundan çəkiliş edərək son vəziyyətlə bağlı məlumat verib. Semyon konkret olaraq ictimai rəydə terrorçuluğa çağırışlar edən, dövlət əleyhinə yönələn açıq çağırışlar səsləndirən, dövlət sərhədini qanunsuz olaraq keçərək ərazi bütövlüyü və suverenlik prinsiplərini heçə sayan, beynəlxalq hüquq normalarına qarşı sayğısızlıq sindromu yaşayan biri kimi tanınır. Hətta haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Belə olan halda, onun Qazaxıstanda nə işlə məğul olacağına dair təsəvvürlər aydındır.

Onun sima və ruh əkizi Vitali Milonovun tərcümeyi-halı da eyni ştrixlərlə zəngindir: qanunsuz səfərlər, təxribatçı addımlar - çıxışlar və çağırışlar, separatizmə dəstək verilməsi və beynəlxalq hüquq normalarına hörmətsizlik göstərilməsi. Rusiya Dövlət Dumasının deputatı, “Vahid Rusiya” partiyasının üzvü olan bu şəxs son olaraq Yeni il bayramı günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək bir sıra görüşlər keçirib.

Osmanqızı - Akopyan: erməni maraqları və əqidə cütlüyü

Digər nümunə bir müddət əvvəl canlı efirdə “kaş ki, prezidentimiz Paşinyan olardı”,-deyən Sevinc Osmanqızı ilə Anna Akopyanın bənzərliyidir. Söhbət üz və ya baş formasından deyil, baxışlardan, jestlərdən və mimikalardan, ən əsası, düşüncə, təsəvvür və təfəkkürdən gedir.
İkisi də erməni maraqlarının qatı müdafiəçisi kimi çıxış edir, Azərbaycan xalqına və dövlətinə qarşı nifrət hissi - düşmən münasibəti ilə fərqlənir. Akopyanın mövqeyi bəllidir. S.Osmanqızı isə indiyə qədər işğalçı ölkənin mövqeyini dəfələrlə müdafiə edib, efirə çıxardığı “ekspert”lərin də eyni yanaşmasını təbliğ etməkdən çəkinməyib. Azərbaycana - xalqa, dövlətə qarşı əks-təbliğat işinin aparılmasına görə ermənilər Osmanqızına minnətdardırlar, desək, yanılmarıq. Elə bu mənzərə onu göstərir ki, Sevinc Osmanqızı özünü düşüncə, əqidə və mənəviyyat etibarilə “azərbaycanlı” hesab etmir - Akopyan ilə eyni hissləri və əqidəni bölüşür.

Beləliklə, bəhs olunan əqidə cütlüklərinin fərdi və ictimai portretinin cizgiləri bəlli, reallıq ortada, mənzərə isə aydındır.

Nurlan Qələndərli

yeniazerbaycan.com