Paşinyanın ötən il noyabrın 10-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa ayrı yolu yoxdur
Paşinyanın ötən il noyabrın 10-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa ayrı yolu yoxdur
15.12.2021 Sahib Alıyev Tərəfindən

Məsələ bitib. Ermənistan baş naziri Nikol Paşinyanın ötən il noyabrın 10-da imzaladığı təslimçilik aktında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən başqa ayrı yolu yoxdur. Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistanın dövlət başçıları arasında keçirilən görüşün nəticəsi haqda rəsmi bəyanatı məhz bundan xəbər verir.

Sənəddə  açıq şəkildə vurğulanır ki,  Avropa Birliyi  üçtrəfli Bəyanatda nəzərdə tutulan öhdəlikərin yerinə yetirilməsini,  Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, bununla bağlı birbaşa danışıqlara başlanmasını, minalanmış ərazilərinin xəritələrinin tam təqdim edilməsini, itkin düşmüşlərlə(birinci Qarabağ savaşı zamanı bizim 4 minə yaxın belə soydaşımız olub) bağlı dəqiq bilgilər verilməsini istəyir. Brüssel səhrədlərin dəqiqləşdirilməsinin də tezləşdirlməsinin tərəfdarıdır və bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır.

Ermənistanın baş naziri Nikol Paşinyan özünə xas populistliklə bunu qələbəsi kimi  təqdim etməyə çalışsa da,  dəhliz məsələsində də Avropa Birliyinin sərgilədiyi mövqe bununla bağlı indiyə kimi stol üzərində olan digər təklifdən açıq deməliyik ki,  Azərbaycanın maraqları baxımından daha əlverişlidir.

Paşinyan dəhlizdən danışarkən burada gömrük və sərhəd qaydalarına əməl olunacağını vurğualıyır. Amma onun açıqlamasında həmən qaydaların  tərəflərin suverenliyinin qarşılıqlı gözlənilməsi şərtiylə tətbiq ediləcəyi də öz əksini tapıb ki, bu da  Prezident İlham Əliyevin Zəngəzur dəhlizində Ermənistan gömrük postu və sərhəd məntəqəsi qurduğu halda Azərbaycanın da  Laçın yolunda da oxşar addım atmaq haqqının olduğu haqda tələbinin yerinə yetirilməsi deməkdir. Və bu, o deməkdir ki, Ermənistandan Qarabağa gələnlərlə gətirilənlər artıq Rusiyanın oradakı hərbi kontingentinin deyil, Azərbaycan sərhədçi və gömrükçülərinin kontrolundan keçəcək.

Beləliklə, Brüssel danışıqlarından və danışıqların sonunda  Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin rəsmi açıqlamasından gəldiyim nəticə bundan ibarətdir ki, rəsmi Bakının  xarici siyastətdəki balanslı davranışı  postkonflikt dönəmində də davam edəcək. Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur və olmayacaq. Və əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək istəsə, ümumiyyətlə vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə olduğu kimi danışıqlarda da dominant və diqtə edən tərəf rolunda Azərbaycan çıxış edir, edəcək.

Sonda onu da qeyd edim ki, bəziləri  Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsini gözdən salmaq üçün Zəngəzur dəhliziylə Laçın yolunun eyni status daşımasının guya Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinin gələcəkdə Ermənistanın bir hissəsi sayılması təhlükəsini yaratdığını bildirirlər.  Sərsəmləmədir. Bütün dünya, Rusiya özü də Prezidenti səviyyəsində Qarabağın da Naxçıvan kimi  Azərbaycan torpağı olduğunu deyir. Hətta Paşinyan belə arada buna eyham vurur. Və bir də heç kəs yaddan çıxarmasın ki,  Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsi dedikdə söhbət ətrafında Azərbaycan ordusunun iyrimiyə yaxın hərbi hissəsinin, yüzdən artıq döyüş-xidmət postunun və yaxın gələcəkdə yüz minlərlə  soydaşımızın yerləşəcəyi torpağımızdan gedir.

Millət vəkili Sahib Alıyev

Visiontv.az