Paşinyanın Brüssel görüşünə bəslədiyi ümidlər nəticə vermədi
Paşinyanın Brüssel görüşünə bəslədiyi ümidlər nəticə vermədi
15.12.2021 Nəsib Məhəməliyev Tərəfindən

Azərbaycan prezidenti İlham Əliyevin Brüssel görüşləri kifayət qədər məhsuldar oldu. İlk növbədə xüsusi qeyd etmək istərdim ki, NATO ölkələrinin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, rəsmi Bakının haqq işini beynəlxalq hüquq normalarına uyğun bir şəkildə qurduğunun bariz nümunəsidir.

Azərbaycan dövləti bütün beynəlxalq, o cümlədən Avropa təşkilatları tərəfindən ərazi bütövlüyünün, suverenliyinin qorunduğunu bir daha təsdiq etmiş oldu.

İkinci məqam, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatının diqqət çəkməsidir. Burada “Büyük Sülh Sazişinin” imzalanması istiqamətində atılacaq addımlar, tərəfləri sülhə çağırılması və ən əsası 10 noyabr və 11 yanvar üçtərəfli razılıqların yerinə yetirilməsi, ondan irəli gələn bütün bəndlərin icra olunması, kommunikasiyaların açılması, iqtisadi münasibətlərin bərpa olunması xüsusi qeyd olunur. Şarl Mişelin bəyanatı Rusiya-Azərbaycan-Ermənistan üçlük formatında aparılan danışıqların bir növ davamı kimi qəbul edildi. Əlavə olaraq Avropa İttifaqının ərazilərin bərpa olunmasında, minaların təmizlənməsində, yeni infrastruktur layihələrinin icrasında maliyyə dəstəyinin veriləcəyi və bu layihələrdə iştirakı vurğulanır ki, bu da təbii müsbət bir addım kimi dəyərləndirilməlidir.

Mən hesab edirəm ki, Ermənistanın baş naziri son Soçi görüşündən sonra  imzaladığı bəyanatı icra etməkdən yayınaraq Brüssel görüşünə ümid bəslədi. Paşinyan hesab edirdi ki, Brüsseldə Minsk Qrupunun fəaliyyətini bərpa etmək mümkün olacaq. Və Minsk Qrupu vasitəsi ilə Qarabağda yaşayan azsaylı erməni icması üçün hansısa bir statusun əldə olunmasına nail olacaq, əlavə dividentlər qazanacaq. Və maksimum çalışırdı ki, Qarabağ məsələsini qloballaşdırsın. Bu baxımdan Minsk Qrupunun bərpa olunması ermənilər üçün yeganə vasitə idi.

Brüssel görüşündən sonra Ermənistan baş naziri bir daha başa düşdü ki, ona indiyə kimi təklif olunan variantın alternativi yoxdur. Əvvəl razılaşdırılmış öhdəliklər mütləq icra olunmalıdır, kommunikasiyalar açılmalıdır. Və hər hansi bir digər vasitələr, yəni Qərbin himayədarlığı artıq keçərli deyil. Mənə elə gəlir ki, Paşinyan bunu başa düşdü.

Bir daha sübut olunduki müəyyənləşdirilmiş formatdan kənar nə Minsk Qrupu həmsədrləri, nə də digər beynəlxalq təşkilatların vasitəçiliyinə ehtiyac qalmayıb.

Olduqca müsbət bir məqam kimi qeyd etmək istərdim ki, Şarl Mişelin moderatorluğu ilə başlanan görüş, sonra ikitərəfli Ermənistan və Azərbaycan liderlərinin baş-başa görüşü ilə davam etdi. Hesab edirəm ki, digər məsələlərin müzakirəsi də ikitərəfli görüşlər nəticəsində mümkün olacaq.

Rəsmi İrəvan axırı başa düşdü ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, haqq-ədalət Azərbaycanın tərəfindədir. İstəsələr də, istəməsələr də, başqa yol tutmaq onlar üçün faciələrə gətirib çıxara bilər.  

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az