Paşinyan və AXC - Nadir Qocabəyli
25.11.2020

Açığı, mən də hər dəfə Paşinyana, onun davranışlarına, saqqalına baxanda, savadsız danışığına, cır səsinə qulaq asanda bəzi cəbhəçiləri xatırlamışam. "Cəbhəçi" anlayışını xahiş edirəm, burada ümumi qəbul edəsiniz. Yəni geniş anlamda özünü "demokratik düşərgə" sayanların bir çoxu...

Bu mənada hörmətli cənab Prezident İlham Əliyevlə baxışlarımız büsbütün üst-üstə düşür. Tamamilə haqlıdır. Onların ermənilərə verdikləri torpaqları məhz onlara oxşayan Paşinyan özümüzə qaytardı. Hər iki halda siyasi naşılıq, bacarıqsızlıq, boşboğazlıq, macəraçılıq, avantürizm, ağılsızlıq, savadsızlıq böyük rol oynadı.

Cənab Prezident buyurur ki, "əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi." Doğrudur. Ancaq Prezident ehtiyatla "bəlkə" sözünü işlədərək, cəbhəçilərə müəyyən güzəştə gedir. Mən getməzdim və getməmişəm də.

Bu haqda vaxtilə geniş yazmışam. Torpaqlarımızın işğalı birbaşa AXC ilə bağlıdır və onun günahıdır. Fikir verin. Şuşa və Laçın AXC-nin hakimiyyətə gəlişi ərəfəsində getmişdi. Bu gün geri aldığımız Kəlbəcəri də öz hakimiyyətləri dövründə vermişdilər. Özü də deyirdilər ki, bunlar boş şeydir, ermənilərə əlborcu vermişik və tezliklə alacağıq. Bu haqda dillər əzbəri olan bir kəlam da var... Doğruluq payını tam bilmədiyim üçün yazmıram, amma od olmayan yerdən tüstü çıxmır... Digər 5 rayonu da hakimiyyətdən gedəndə vermişdilər. Yəni bunların hakimiyyətinin süqutunun sonucu olaraq, ölkədə yaratdıqları özbaşınalığın, xaosun, anarxiyanın məntiqi nəticəsi olaraq getmişdi...

Gəlin bir anlıq AXC adlı təşkilatın, dalğanın, hərəkatın heç vaxt mövcud olmadığını, hakimiyyətə gəlmədiyini təsəvvür edək. Torpaqlar işğal olunardımı? Qətiyyən! Bu qədər ölüm-itim, şəhid, qaçqınlıq, dağıntı olardımı? Birmənalı olaraq yox. Bunlar aranı qarışdırmasaydılar, təbii ki, Ermənistandakı "demokrat" əqidadşları ilə birlikdə, bu bəlaların heç biri olmayacaqdı. Proseslər dinc yolla gedəcək, hər iki ölkənin ağlı başında olan rəhbərliyi məsələləri ehtiyatla, üsulluca, minimüm itkilərlə yoluna qoyacaqdılar.

Görürsünüzmü, Paşinyan da qərbpərəstdir, bizim cəbhə güruhu da. Bunlar ancaq dağıtmağı bacarırlar. Daha doğrusu, Qərb bunları dağıdıcı olduğui üçün seçib. Kİm ki qurucudur, öz xalqını, millətini, ölkəsini sevir, Avropaya ağzının suyunu axıtmır, Qərb dairələri onları itbaxandan belə qoymurlar. Kim ki əlləm-qəlləmdir, parabeyindir, zatı-qırıqdır, cinsi azlıqdır, lotu-bambılıdır, tez keçirirlər yuxarı başa. Qrant verirlər, sığınacaq verirlər, partiya yaradırlar, QHT təşkil edirlər, televiziya açırlar, kanal açırlar və s.

Bəla Qərbdən gəlir və bunların vasitəsilə. Rusiya və Türkiyə güclənən kimi, Qərbin təsirindən azacıq qurtulan kimi ədalət qismən də olsa bərpa olundu, torpaqlarımızı özümüzə qaytarmağa imkan verildi. Amma sakitləşə bilmirlər. Yenidən Minsk qrupu həmsədrlərini ortaya atmaq istəyirlər. Əli Kərimli bu haqda xüsusi bəyanat verir. Rusiyanın əleyhinə qərəzli təbliğat aparır. Skandinaviyadan sülhməramlılar gəlsin deyir. Turallar, altaylar, orduxanlar, qənimətlər yenidən xoddanıblar. Fransa qondarma DQR-i tanımaq istəyir. Qırmızı Xaç öz kontingentini göndərməyə hazırlaşır və s.

Mən əlbəttə, Rusiyanı birmənalı müdafiə etmirəm. Amma Rusiya, Prezident Putin öz mövqeyini ortalığa qoyub. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Torpaqlarımız artıq özümüzdədir. Bunlar faktdır və hamı bilir ki, proses Rusiyanın razılığı ilə baş tutub. Qərbsə narazıdır. Rusiya bunu ona görə etdi ki, Qərbdən idarə olunan Qarabağ probleminin SSRİ-ni dağıtdığı kimi, Rusiyanı da dağıdacağını, nəhayət, anladı...

Ruslarla işləməliyik, ancaq ehtiyatı da əldən verməməliyik. Qərbi isə buralardan birdəfəlik qovmaq lazımdır. Öz müxalifəti ilə birlikdə...

Visiontv.az