Ermənistan prezidenti bu barədə bu gün parlamentdə etdiyi çıxışda bildirib. "Mənə, mənə tabe olan bir Katolikos lazım deyil, mənə “baş leytenant” rütbəli yad bir xüsusi xidmət orqanı əməkdaşına tabe olmayan Katolikos lazımdır!
Siz kompromatlardan danışanda, Ktrich Nersisyan və onun qardaşı – elə diri-kompromatdırlar. Ktrich Nersisyanın qardaşı KQB agentidir, bundan böyük kompromat istəyirsiniz?
Kilsəyə qarşı mübarizə aparan sizsiniz və siz yepiskopları təhqir edirsiniz. Mübarizəni Ktrich Nersisyan, Samvel Xaçatryan (Süleyman Brnabar) və onlara bənzər mənəviyyatsız adamlar aparırlar. Onlar, əslində, İlk Taxtı girov saxlayıblar və istəyirlər ki, Kilsə intriqaların alətinə çevrilmiş halda qalsın.
Mən saatlarla və günlərlə Ktrich Nersisyanla danışmışam. Birlikdə ABŞ-a uçduq və 12 saat yan-yana oturduq. Və mən başa düşə bilmirdim: necə ola bilər ki, günlərlə, saatlarla bir ruhani ilə ünsiyyətdə olursan, amma o bir dəfə də olsun mənəvi mövzuya toxunmur? Pul, beton, təkərlər, qazanc gətirən biznes mövzusu yox, mənəvi mövzu! Faciə də elə bundadır!
Sizə reallıq maraqlı deyil: Kilsənin kiçik bir üst təbəqəsi milyonerdir, amma keşişlərin əhəmiyyətli hissəsi səfalət həddində yaşayır. Sizə reallıq maraqlı deyil: guya “çörəkli yerlərə” tanışlıqla pastorlar təyin olunur, bəyənilməyənlər isə heç kimin getmədiyi uzaq yerlərə səfalət çəkməyə göndərilir.
Ktrich Nersisyan getməlidir, onun başqa seçimi yoxdur. Biz sarsıntısız yolla gedəcəyik, amma o getməlidir, və hətta yad xüsusi xidmət orqanlarının baş leytenantları və general-polkovnikləri də ona kömək edə bilməyəcək!"
visiontv.az