Parlamentin xanım spikeri xalqa müraciət edib
04.06.2020

Milli Məclisin Sədri Sahibə Qafarova koronavirus təhlükəsi ilə bağlı xalqa müraciət edib.

"Əziz və hörmətli həmvətənlərim!
Bütün dünyada olduğu kimi, ölkəmizdə də korona virusa və bu virusun millətimizin hər bir fərdi üçün yaratdığı hədələrə qarşı hərtərəfli mübarizə aparılır. 2020-ci il fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə görülən tədbirlər üçün dövlətin bütün müvafiq qurumları səfərbər olmuşdur. Cənab Prezident bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoymuş və effektiv tənzimləmə mexanizmin formalaşdırılması üçün müvafiq göstərişlər vermişdir".
Parlament rıhbəri bildirib ki, görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyyələrinə riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayı kəskin artması ilə nəticələnib: "Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaqdır.
Qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasını nəzərə alaraq, hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm: millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə gətirin – qoyulmuş tələblərə və verilmiş tövsiyyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın. Unutmayaq ki, görülən bütün bu tədbirlərin ali məqsədi siz - əziz həmvətənlərimizin sağlamlığının və həyatının qorunmasına yönəlmişdir".

visiontv.az