Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
10.08.2024

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb.

Visiontv.az report-a istinadən xəbər verir ki, hələlik komandanın aktivində 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Ukrayna (3 qızıl, 4 gümüş, 4 bürünc) 18-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, qardaş ölkə Türkiyə (3 gümüş, 3 bürünc) 61-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 66-cı sıradadır.

İlk "üçlük"də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.

Hələlik 86 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.