Papanın demədikləri...
Papanın demədikləri...
08.02.2021 Bəybala Mirzəyev Tərəfindən

Roma Papası son moizəsində deyib ki, "Doğumlar azalıb, gələcək təhlükə altındadır." Uzun sürən pandemiya təcridindən sonra bu il ilk dəfə Apostol Sarayının pəncərəsindən möminlər üçün moizə oxuyan Roma Papası Fransisk həmçinin bir sıra beynəlxalq məsələlərə də toxunub.

O, Myanmada baş verən son hadisələrdən danışıb. Bundan əlavə, doğma yurdlarını tərk edən miqrantların problemlərinə diqqət çəkib. Xüsusilə, "Balkan marşrutu" adlanan yolla gedən çox sayda uşaq və yeniyetmədən bəhs edib, onlara qayğı, humanitar yardım göstərməyə çağırış edib.

Sonda Papa İtaliyada doğum nisbətinin nəzərə çarpacaq dərəcədə azalması ilə bağlı narahatlığını da dilə gətirib: "Doğumlar azalıb, gələcək təhlükə altındadır. Bu demoqrafik qışın bitəcəyinə və uşaqların yeni bir baharının çiçəklənəcəyinə ümid edirəm".

Lakin "demoqrafik qış"dan (yəni millətlərin qısırlaşmasından, evlilik və doğum hallarının azalmasından) danışan Papa bunun səbəblərinə toxunmayıb.
Eynicinslilərin nikahına "xeyir-dua" verən, kütləvi abortlara göz yuman, insan alverinə və fahişəliyin leqallaşdırılmasına susan Papa bütün bunların və digər səbəblərin doğum hallarının azalmasına ciddi təsir göstərdiyini hər halda bilməmiş deyil.

Roma Papası dünyada çox ciddi nüfuza malik olan personadır. Onun əlində geniş təsir rıçaqları vardır. Bu adam malik olduğu imkanları ilə dünyada gündən-günə artan bəlalara qarşı, o cümlədən, doğumun azalmasına səbəb olan hallara qarşı effektiv mübarizə apara, bəşəriyyəti, insanları doğru yola yönləndirə bilər.

Lakin təəssüf ki, Papa sadəcə moizə oxumaqla və gülümsəməklə öz işini bitmiş hesab edir.

Bəybala Mirzəyev

Visiontv.az