Pafos, yalan tərif, özünü gözə soxma kimi Ənvəroviç metodları bu məsələdə işləmir-Şöhrət El-Dənizin AzTV və İTV-nin rəhbərliyinə müraciəti
Pafos, yalan tərif, özünü gözə soxma kimi Ənvəroviç metodları bu məsələdə işləmir-Şöhrət El-Dənizin AzTV və İTV-nin rəhbərliyinə müraciəti
08.07.2021 Şöhrət El-Dəniz Tərəfindən

AzTV-nin sədri Rövşən Məmmədov və İTV-nin Baş direktor müavini Murad Hüseynov.

Sizinlə virtual söhbət etmək istədim. Alınmayacağını bilib müraciət formasına keçdim.

Əvvəl niyə İTV-nin direktoru Balakişi müəllimə yox, Murad Hüseynova müraciət edirəm sualına cavab verim, sonra keçək mətləbə.
 Birincisi nəyisə, kiminləsə müzakirə edəndə gərək bir-birinin dilini başa düşəsən. Mən fikirləşdim ki, Murad mənim dilimi daha tez anlayacaq.

İkincisi Murad Hüseynovun mövcud ictimayi-siyasi hadisələrə daha çox nüfuz etdiyi qənaətindəyəm. Və dediklərimə adekvat cavab verəcəyini düşünürəm. Və nəhayət illərdir tanıyıram, peşəkar hesab edirəm, hətta bir yerdə işləmişik.

Keçək mətləbə.

Hörmətli Rövşən müəllim.

Azərbaycan Televiziyası dövlətin maliyyələşdirdiyi bir qurumdur. Sizin bu qurumda sədr kimi fəalliyyətiniz məni heç vaxt narahat etməyib. Və indi də narahat etmir. Məni narahat edən və tez-tez tənqidimə tuş gələn verilişləriniz, aparıcılarınız və çağırdığınız qonaqlarınızdır.

Prezident İlham Əliyev neçə ildir ki, bütün sahələrdə islahatlara start verib. Birinci vitse prezident Mehriban Əliyeva bu islahatların həyata keçirilməsində bir başa iştirak və rəhbərlik edir. Aparılan islahatların məntiqi kimi hakimiyyətin idarə edilməsinə yeni simalar, mütəxəssislər cəlb edilib. İslahatların anatomiyasında olan çətin həyata keçən və ləng tempi nəzərə alsaq, bu günə qədər görülən işlər kifayət qədər uğurlu və səmərəli olub. Və…

Azərbaycan televiziyasının hazırladığı verilişlərdə qonaq, mütəxəssis qismində iştirak edənlərin 90 faizinin elan olunan islahatların ruhuna aidiyyatı olmadığını sezmək beləmi çətindir. Hər gün fərqli-fərqli mövzulara eyni adamların çağırılıb heç kimin dinləmək istəmədiyi pafoslu sözləri dedizdirmək sizcə kimə lazımdır. Prezidentə, yoxsa Vitse-prezidentə. Məncə onlara lazım deyil. İslahatlar, təkliflər və enerjili yanaşma tələb edən bir yöntəmdir. Pafos, yalan tərif, özünü gözə soxma kimi Ənvəroviç metodları bu məsələdə işləmir. Və işləməyəcək. Dünya obyektiv, operativ və sürətli təbliğat, ixtisaslaşmış və ciddi araşdırma, səlist, yığcam və məntiqli fikirlərin çatdırılması istiqamətində inqilabi addımlar atır. Biz isə hələ də eyni politoloqun, millət vəkilinin, siyasi icmalçının ölkədə baş verən kriminal hadisədən tutmuş, sosial, media, hərbi, tibbi, mədəniyyət, idman və sair hadisələrə mövqeyini eşitməyə və görməyə məcburuq.

Artıq hadisələrə cevik reaksiya verən, yeni mütəxəssislər formalaşıb. Olmazmı onların intelektindən, dünyagörüşündən, hadisələrə müasir yanaşmasından bəhrələnəsiniz. Məncə olar. Belə bir təcrübə olub mənimlə sizin televiziya arasında. MEDİA agentliyinin elan etdiyi layihə ilə əlaqədar sizə operativ müraciət etdim və bəhrəsini gördünüz. Həm baxış sayına, həm tamaşaçının etibarını qazanmaq anlamında, həm də verilişin ictimai-siyasi əhəmiyyətinə görə sizin illərdir efirə çağırdıqlarınız “dejurnu” qonaqların “dejurnu” verilişlərindən dəfələrlə üstün oldu. Bəyəm olmaz bu cür verilişləri mütamadi və fərqli qonaqlarla davam etdirmək. Məncə olar. Sadəcə təşəbbüs yoxdur. “Arşın mal alan” filmində ki, kimi “biri deyir oxu, digəri deyir oxuma” prinsipi ilə uzağa gedə bilməyəcəksiniz. Zaman o zaman deyil. Daimi hərəkətdə və təşəbbüsdə olanlar qalib gəlir.

Keçək İTV-nin direktor müavini Murad Hüseynov dostumuza.

İTV ictimai televiziya olduğunu nəzərə alsaq, cəmiyyət yalnız sizin fikirləşdiyiniz “rusdilli elit” təbəqədən ibarət deyil. Cəmiyyətin kifayət qədər azərbaycandilli elit və sözünü deyən sanballı ziyalıları, media nümayəndələri var. Və bu təbəqədən imtina etmək sizin ictimai televiziyanın prinsiplərinə zidd getmək deməkdir. Düzdür deyə bilərsən ki, sən bizə hələlik bir başa vergi ödəmirsən. Ona görə istədiyimiz çağırmaqda sərbəstik. Amma…

Dövlətdən maliyyələşdiyinizi nəzər alsaq dolayısı ilə mənim verdiyim vergidən də sizə pay düşür. Ona görə bir xahiş əziyyət çəkib mənim kimi azərbaycandilli mütəxəssislərə də efir vaxtı ayırın. Rusdilli olmaq hələ intellekt və ziyalılıq göstəricisi deyil. Ona qalsa Rusiyanın 140 milyon əhalisinin yarısından çoxu alkaş İvandan ibarətdir. Və o İvanların Rusiyanın elitar təbəqəsindəki payı heç 20 faiz deyil. Onu da nəzərinə çatdırım ki, elə bizim rusdilli Mamedlərində 90 faizi dediyim alkaş təbəqənin “ziyalıları”dır.
Mənim yazdıqlarımı oxuya bildinizsə təşəkkür edirəm.

Visiontv.az