ÖZÜMÜZÜ düşünürük və doğru edirik!
ÖZÜMÜZÜ düşünürük və doğru edirik!
19.03.2022 Elçin Mirzəbəyli Tərəfindən

Nazirlər Kabinetinin daxili bazarın qorunmasına xidmət edən, minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında Qərarını birmənalı şəkildə dəstəkləyir və alqışlayıram. 

Qeyd edim ki, son bir neçə gün ərzində ölkəmizin sərhədlərindən kənarda müşahidə etdiyim və qlobal miqyasda müzakirələrə səbəb olan faktlar belə bir qərarın veriləcəyini təxmin etməyə zəmin yaradırdı. Bu baxımdan, hökumətin daxili bazarın qorunması ilə bağlı kompleks tədbirlər planını,dövlətimizin qlobal proseslərə çevik, hərtəfli və ən əsası isə önləyici reaksiyası kimi qiymətləndirirəm.

Şübhəsiz ki, hazırda ölkəmizdə hər hansı zəruri ərzaq məhsulu ilə bağlı qıtlıq yoxdur və bu günə qədər həyata keçirilən tədbirlər sayəsində belə halların yarana biləcəyi ehtimal olunmur. Çünku Azərbaycanın regional və qlobal nəqliyyat habına çevrilməsi, logistik imkanlarının genişləndirilməsi, ölkə ərazisindən keçən mühüm ticarət yollarının diversifikasiyası istiqamətində həyata keçirilən layihələr, Azərbaycanı qlobal iqlim dəyişikliklərinin və geosiyasi kataklizmlərin neqativ təzahürlərindən sığortalayıb və iqtisadi manevr imkanlarını genişləndirib.

Lakin bütün bunlarla yanaşı, regionda və dünyada baş verən proseslərin doğura biləcəyi neqativ hallarla bağlı, hətta ən kiçik ehtimalın belə nəzərə alınması hökumətin vəzifəsidir və Nazirlər Kabinetinin sözgüdən qərarı da, məhz bu vəzifədən qaynaqlanır. Kəsəsi, ölkəmizdə ərzaq təminatı ilə bağlı heç bir problem yoxdur və hər şey Azərbaycan hökumətinin nəzarətindədir. Təfərrüatına varmıram,  sadəcə, ÖZÜMÜZÜ düşünürük və doğru da edirik!

Siyasi şərhçi Elçin Mirzəbəyli