Orta Asiyada gizlədilmiş zaman bombası - Müşfiq Məmmədov
Orta Asiyada gizlədilmiş zaman bombası - Müşfiq Məmmədov
05.07.2021 Müşfiq Məmmədov Tərəfindən

Parçala və hökm et. Bu siyasət Rus imperiyası, sonralar isə Sovet İttifaqı tərəfindən Orta Asiya respublikaları üzərində tətbiq etdiyi siyasətinin qısa mündəricatıdır.

Sovet İttifaqı digər sovet respublikalarında olduğu kimi Orta Asiya respublikaları arasında da Türküstanı bölmək məqsədi ilə süni sərhədlər çəkdi.

Orta Asiyanın ən bərəkətli torpaqları sayılan Fərqanə vadisi 3 dövlət arasında bölünmüşdür. Əhalisi cox sıxdır. Əndicana vadinin Çini deyilir. Bu vadidə 70 milyon əhali yaşamaqdadır və bunun 17 milyonu Fərqanə vadisindədir.  Bölgədə 8 eksklav mövcuddur.  Özbəkistanın Qırğızıstan torpaqları ilə əhatələnmiş  Soh, Taş Döbö, Çon Kara, Şahimərdan və Tayan adlanan 4 eksklavı möcuddur. Qırğızstanın isə Özbəkistanda 1 ədəd  Barak eksklavı, Tacikistanın Özbəkistanda Sarvan, Qızğızstanda isə Voruh və Qərbi Kalaça bölgələri vardır. Xüsusilə 50 min əhalisi və çox gözəl havaya malik olan  Soh bölgəsi, Qırğızstan sərhədləri içərisində qalan, əhalisi taciklərdən ibarət amma Özbəkistana aid eksklavdır.  Xalqlar arası münaqişə yaratmaq üçün necə də ideal şəkildə hazırlanmış bir plan!  Regiondakı ən böyük problemlər vaxt aşırı olaraq Voruh və Soh bölgələrindən çıxmaqdadır.

Orta Asiya respublikaları arasında sərhədləri 1925-1926 cı illərdə Sovet İttifaqı rəhbərliyi qələmlə çəkmişdir. Etnik qrupların yaşadığı ərazilər və coğrafi özəlliklər nəzərə alınmamışdır.

Mart 2019 da Qızğızstanın yeni yol inşa etmək istəyi Voruh əhalisinin etirazına səbəb olmuşdur. Voruh əhalisi çəkiləcək yolun yaxınlıqdan axan çayı qurudacağını, məşğuliyyətləri olan ərik və qoz ağaclarının məhv olacağını iddia etmişdi. Baş verən  ixtişaşlar zamanı 2 tacik vətəndaşı qətlə yetirilmişdi.

Sərhədlərin qələmlə çəkilməsiylə tarix boyu bir olan böyük Türküstan  5 dövlətə parçalandı. Yeni süni xalqlar yaradıldı və bu xalqları süni sərhədlərə həps etdilər. Türküstan artıq parçalanmışdı. Xüsusən etnik qrupların əsrlər boyu bərabər yaşadığı Fərqanə vadisi bütün problemlərin qaynağı halına gəldi və ortaq razılığa gəlmək yolları bağlandığı üçün hər an partlamağa hazır minalanmış əraziyə çevrildi.  Zaman bombası artıq qurulmuşdu. SSRİ-nin süqutundan sonra isə problemin həllindəki hakim rolunu SSRİ-nin varisi olan Rusiya öz üzərinə götürdü.

Fərqanə vadisi bir çox etnosların və mədəniyətlərin bərabər yaşadığı bir regiondur. Orada sadəcə Orta Asiya türkləri deyil, eləcə də Stalin tərəfindən represiya edilmiş Axıska türkləri, çeçenlər,ruslar,ukraynalılar, yəhudilər  və almanlarda yaşamaqdadır.
Bu çox millətlilik region üzərində oynanan oyunlar üçün münbit zəmin yaratmışdır. 1989-cu ildə baş verən Axıska-Özbək qarşıdurması faciələrə və bu günə qədər davam edən qarşılıqlı nifrətin mənbəyidir. Bu iki qardaşın qarşıdurmasının səbəbi nə idi?
Sovet İttifaqının son zamanlarında Moskvaya qarşı mərkəzdən qaçma təcili güclənməyə, respublikalarda müstəqillik çağırışları artmağa başlamışdı. Xalqın fokuslandığı əsas məsələdən diqqətini dağıtmaq, özbəklərin Rusyaya olan nifrətini axıskalara yönəltmək. Bu senario Sovet DTX-sı tərəfindən hazırlanmışdı. DTX qardaşı qardaşa boğdurdu. Dünya, o hadisələrlə ilk dəfə olaraq media vasitəsiylə Axıska türklərinin varlığından xəbər tutdu. Plan baş tutmuşdu. “Vəhşi türk” yenə diqqət mərkəzində idi.
Orta Asiya respublikaları arasında problemlərdən biridə dövlətlər arası sərhədlərin dəqiqləşdirilməməsidir. Sonuncu dəfə yaz aylarında Özbəkistan və Qırğızstan eləcədə Qırğızstan və Tacikistan sərhədlərində anlaşmazlıqlar baş verdi, odlu silahlardan istifadə olundu. Bu konflikt yol və sərhədlərin bağlanmasına qədər böyüdü və bölgələr arasında əlaqələr kəsildi.

Vadinin coğrafi xüsusiyyətləri və yolların kəsişməsində yerləşməsi vadinin üstünlüklərindən biridir. Fərqanə vadisi dağların əhatəsində yerləşən üçbucaq şəklindədir. Çinin şərqdən qərbə uzanan, Rusiyanın isə şimaldan cənuba uzanan dəmiryollarının qovşağı bu ərazidə yerləşir. Vadi Çinin qərbə, Orta Asiya ya  açılan qapısıdır. Rusiya üçün isə Orta Asiyanı təyziq altında tutmaq üçün dəyənək rolunu oynayır. Potansiyal münaqişə qaynağı olan vadi Çinin və Rusiyanın regionu hədələmək üçün vasitəsidir.
Region dövlətləri arasındakı önəmli və həllini gözləyən digər bir məsələ su məsələsidir. Sovet İttifqından miras qalmışdır.

Avrasiyanın ən uzun və ən təmiz axar suları, çayları Orta Asiyadadır. Qırğızstanın ən zəngin su yataqlarına sahib olması və Özbəkistanın suya olan ehtiyacını təmin edə bilməməsi bu problemin həllinə kəskin şəkildə ehtiyac yaradır. Bəzən qonşular bir-birlərini suyu bağlamaqla hədələyirlər.

Bölgənin mürəkkəbliliyi problemlərin həllinidə çətinləşdirir. Fərqanə partlayarsa Orta Asiyanı bütövlükdə alov bürüyər. Regionda din faktorununda ön planda olması dini ayrı seçkiliyə, məzhəb fərqliliklərinin mövcudluğu  isə bölgəyə radikal cərəyanları cəlb etməkdədir. Buna görədə vadi qitənin ən gərgin bölgəsi sayıla bilər. Hər kiçik qığılcımın qitəni sarsacaq qədər böyük partlayışa səbəp ola biləcəyi bu bölgə üçün, uyğulanacaq siyasət çox dəqiq şəkildə hesablanmalıdır. Hətta vadiyə siyasət tətbiq edilərkən stabilliyi qorumaq üçün bölgə xalqlarının dini həssasiyyəti nəzərə alınmalıdır. Məsələn, Özbəkistanın mərhum prezidenti İslam Kərimov prezident seçkiləri zamanı İslam dövləti quracağına dair söz vermişdi.

Orta Asiyadakı dərin problemlər həm vətəndaş müharibəsinə, həmdə region ölkələri arasında anlaşmazlıqlara zəmin hazırlamaqdadır. Bu problem mövcuddur və onun adı Fərqanə vadisidir. Region üzərində incə planlar hazırlayan super güclər bu vəziyyətdən çox məharətlə istifadə edirlər.

Regional problemlərin mərkəzi olan Fərqanə, qonşu  güclü dövlətlərin hər zaman qarışdırmağı  sevdikləri bir yerdir.
Əgər bölgə dövlətləri kənar müdaxilələr olmadan, öz imkanları ilə, dialoqlara başlasalar bəlkədə, şəffaf bir şəkildə və qısa zaman içində bu problemin həlli mümkün ola bilər. Model olaraq 3 ölkə arasında açıq və azad sərhədlər, ortaq istifadə edilən su qaynaqları resurslarına sahib tərəfdaşlıq təklif edilə bilər.

Fərqanə vadisi Türküstanın nəbzinin vurduğu bir yerdir. İmperialist güclər öz mənfəətləri üçün xalqları bir-birinə düşmən edərkən xalqların içinədə qonşularına qarşı güvənsizlik və qorxu toxumu səpmişdir.

Visiontv.az