Onik Qasparyanın vəzifədən azad edilməsi Ermənistanda hakimiyyət böhranı yaratmaq məqsədi daşıyır - Elçin Mirzəbəyli
Onik Qasparyanın vəzifədən azad edilməsi Ermənistanda hakimiyyət böhranı yaratmaq məqsədi daşıyır - Elçin Mirzəbəyli
04.03.2021 Elçin Mirzəbəyli Tərəfindən

Ermənistan mətbuatı keçmiş prezident və həm də keçmiş baş nazir Serj Sarkisyanla baş qərargah rəisi Onik Qasparyan arasında ötən il dekabrın sonunda baş tutan telefon danışığının mətninin bir hissəsini açıqlayıb. Məlumata görə, Onik Qasparyan dekabrın 21-də Sünikə səfər edən Nikol Paşinyanın təhlükəsizliyini təmin etmək üçün iki gün öncə bu əraziyə yola düşüb və baş naziri şəhərə buraxmaq istəməyən yerli sakinləri sakitləşdirib.

Serj Sarkisyan isə Onik Qasparyanın bu hərəkətindən xoşlanmayıb və bəyan edib ki, baş qərərgah rəisinin öz üzərinə belə bir aşağılayıcı missiyanı götürməsi onu təəccübləndirib. Sarkisyanın bu açıqlamasından sonra Qasparyan ona zəng edib və narazılığını dilə gətirib. Ermənistanın mətbuatı yazır ki, baş qərargah rəisi Serj Sarkisyanla söhbətində Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər səsləndirib və baş nazirin Sünikə səfəri ilə hər hansı bir əlaqəsinin olmadığını bildirib. Məhz bu telefon danışığından sonra Nikol Paşinyan baş qərargah rəisinin Serj Sarkisyanla və klanın digər nümayəndələri ilə əlaqəsindən şübhələndiyi üçün Onik Qasparyanla bağlı araşdırma aparılması barədə göstəriş verib.

Qeyd edim ki, Qasparyan Nikol Paşinyanın həmyerlisi olsa da, onun ordi ierarxiyasında irəliləməsində Serj Sarkisyanın böyük rolu olub. Qasparyanı 3-cü ordu korpusunun qərargah rəisi və komandiri vəzifəsinə Sarkisyan gətirib, həm də prezident seçildikdən dərhal sonra. Elə həmin Serj Sarkisyan 2016-cı ildə  Onik Kasparyanı baş qərargah rəisinin müavini təyin edib. Qısa bir müddətdən sonra isə Kasparyan yenə də Serj Sarkisyan tərəfindən general-leytenant rütbəsilə “mükafatlandırılıb” və baş qərargah rəisinin  birinci müavini vəzifəsinə təyin edilib.

Əslində Onik Kasparyanın tərcümeyi-halına, xüsusilə də bir neçə dəfə təhsil aldığı müəssisələrin siyahısına nəzər salsaq, bir çox məqamlara aydınlıq gətirə bilərik.

Beləliklə, Onik Qasparyan 1990-cı ildə Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında oxuyub. 1998-2001-ci illərdə yenə də Rusiya Müdafiə Nazirliyinin Ümumqoşun Akademiyasında təhsil alıb. 2008-ci ildə və təbii ki, yenə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Və elə həmin ildən başlayaraq, Onik Qasparyanın qanlı hadisələr üzərindən prezident “seçilən” Serj Sarkisyanın dəstəyi ilə yüksəlişi başlayıb.

Bu arada bir məqama da diqqət çəkməyin vacib olduğunu düşünürəm: Ermənistan konstitusiyasında baş qərargah rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı olduqca ziddiyyətli və mürəkkəb məqamlar var. Təyinatla bağlı hər şey aydındır, amma 5 il müddətinə təyin edilən baş qərargah rəsinin vaxtından öncə vəzifəsindən azad edilməsi prosesi “labirint”ə bənzəyir və belə təəssürat yaranır ki, bu Ermənistan ordusu üzərində nəzarəti qoruyub saxlamaq istəyən qüvvənin məqsədyönlü şəkildə yaratdığı labirintdir. Doğrudur, Ermənistanın yeni konstitusiyası və qanunvericilikdə yeni konstutusiya əlavə və dəyişikliklər Serj Sarkisyanın dönəmində qəbul edilib. Amma hesab edirəm ki, belə bir “labirint”in Serj Sarkisyanın ağlının məhsulu olmadığını sübut etməyə ehtiyac yoxdur.

Qənaətimə görə, baş qərargah rəisinin vəzifəsindən azad edilməsi ilə bağı ziddiyyət fors-major hallarda Ermənistanın siyasi hakimiyyətinə təzyiq və hakimiyyət böhranı yaratmaq məqsədilə nəzərdə tutulmuş mexanizmdir.

Visiontv.az