Önəmli odur ki, Rəşad Dağlı olayı şəxsi müstəvidə yoxl, sosial müstəvidə baş verib
Önəmli odur ki, Rəşad Dağlı olayı şəxsi müstəvidə yoxl, sosial müstəvidə baş verib
10.11.2022 Elbəyi Həsənli Tərəfindən

Sirr deyil ki, Rəşad Dağlı gəncliyində narkotikə aludə olub. Özü də bu həqiqəti dəfələrlə etiraf edib. Sonda narkotik istifadəsinə tövbə deyib. Narkotik aludəçisi olan dostu Aydın Xırdalanlı isə bunu bacarmadı. Gənc yaşında həyatla vidalaşmalı oldu.

Gənclər arasında xüsusi nüfuzu olan Rəşad Dağlı onların narkotikdən uzaq olması üçün dəfələrlə çağırışlarda bulunub. Özü də bu çağırışlar içdən gəlir, yaşadığı dost itkisindən gəlir. Mən ona da əminəm ki, Rəşad Dağlının oğlu ilə də bağlı qorxusu var. Qorxur ki, o da nə vaxtsa yolunu azmışların cənginə keçə bilər. Ümumiyyətlə, vəziyyət elədir ki, Azərbaycanda demək olar ki, bütün valideynlərin içində bu qorxu hissi boy atıb. Qınamalı deyil. Çünki ətrafda o qədər narkotikin güdazına dağılan ailələr, çırağı sönmüş evlər var ki...

Rəşad Dağlının meyxana üzərindən narkotik satışının və istifadəsinin əleyhinə səsləndirdiyi fikirlər narkotik satışı ilə məşğul olmuş və buna görə də həbsdə yatan İsgəndər Mehdiyevin qəzəbləndirib. Bir neçə gün əvvəl həbsdən çıxmış İsgəndər Mehdiyiv Rəşad Dağlı haqqında nalayiq sözlər işlədib. Nəticə də məlumdur.

Baş vermiş hadisədən dolayı üzgünəm. Gərək belə olmayaydı. Ancaq olub.

Bu məsələdə önəmli olan odur ki, bu olay şəxsi müstəvidə deyil, sosial müstəvidə baş verib. Yəni Rəşad Dağlı Azərbaycanı başına alan narkotik ticarətinə qarşı çıxdığına və gəncləri bu bəladan qorumaq naminə meyxanalarında səsləndirdiyi kəskin ifadələrə görə “bariqa”ların düşməninə çevrilib.

Bir daha deyirəm: Bu dünyanın ən alçaq adamını da öldürmək olmaz. İncə ruhu ilə seçilən bir şairə isə qan tökmək heç olmaz. Ancaq faciə baş verib və Rəşad Dağlı həbsdədir...

Baxıram, bəzi dostlarımız bu olayı fürsət zənn edərək Rəşad Dağlının əleyhinə fikrilər səsləndirirlər. Ancaq nahaq yerə. Rəşad Dağlı böyük bir istedaddır. 16 yaşında sənətə gəlib. Elə o vaxtdan da söz xiridarlarının sevimlisi olub. Rəşad Dağlı insan kimi də böyük insandır. O, Aydın Xırdalanlı və Vüqar Biləcərili kimi mərhum şairləri həmişə özündən bir pillə yüksəkdə dayanan şair kimi təqdim edib. Dostlarını özündən uca bilib. Onlara görə fədakarlıq nümayiş etdirib. Həmişə təvazökarlığı ilə seçilib. Tək-tük sənətkarda belə ürək olar. Sənət baxımından da hal-hazırda söz mülkünün sultanı odur...

Rəşad Dağlının gənclərimizin həyatını zəhərləyən, onları məhv edən birisinin ucbatından həbsdə yatması taleyin acı ironiyasıdır. Ən önəmlisi isə odur ki, Rəşad Dağlı həbsi ilə də hamını narko-ticarətə qarşı mübarizəyə səsləyir. Bəli, biz xalq olaraq bu bəlaya qarşı ayağa qalxmalıyıq. Norkotik ticarəti ilə məşğul olan, məhv olan Azərbaycan gəncliyi üzərindən milyonlar qazanan narko-tacirlərin isə hər addımda üzünə tüpürmək lazımdır. Biz xalqımıza bəla gərirən, faciələr yaşadan bu kimi yaramazları yerində oturtmalıyıq. Əks təqdirdə, Azərbaycan yaxşı kişilərin, kübar qadınların yox, narkomanların ölkəsi olacaq.

Elbəyi Həsənli

visiontv.az