Ömrü ilə tarix yazan tarixçi alim...
Ömrü ilə tarix yazan tarixçi alim...
27.01.2023 Qənirə Paşayeva Tərəfindən

Tanınmış bir əsilzadə ailəsində doğulması ucbatından bütün həyatı boyu siyasi təzyiqlərlə üzləşən, çox sevdiyi və fədakarca əmək verdiyi ixtisası üzrə uzun illər işləməkdən məhrum edilən, məcbur qalıb bir neçə sənət öyrənən, fərqli ixtisaslar üzrə təhsil alan, taleyini hər işdə sınayan Sara Aşurbəylinin (1906-2001) 95 illik ömrü böyük çətinliklər, mübarizələr içində keçmişdi.

Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycanın Dövlət mükafatı laureatı Sara Aşurbəylinin min bir zəhmətlə qazandığı alim şöhrəti, yüksək fəxri ad və mükafatlara qədərki ömür yolu son dərəcə məşəqqətli olmuşdu.

O, 1906-cı il yanvarın 27-də Bakıda, Azərbaycan tarixində önəmli xidmətləri ilə seçilən böyük şəxsiyyətlər yetirmiş Aşurbəylilər ailəsində anadan olmuşdu. Atası Balabəy Aşurbəyli Nadir şah dövründə Təbriz hakimi və Azərbaycan sərdarı kimi yüksək nüfuz sahibi olan Aşur xan Avşarın soyundan idi. Dövrünün tanınmış xeyriyyəçilərindən və neft yatırımçılarından olan Bala bəyin ailəsi Şərq və Qərb mədəniyyətinin ən mükəmməl keyfiyyətlərini özündə birləşdirirdi. Sara xanımın anası İsmət xanım Aşurbəyli isə bir neçə Qadın xeyriyyə cəmiyyətinin, o cümlədən “Müqəddəs Nina” Xeyriyyə cəmiyyətinin üzvü kimi ictimai fəaliyyəti ilə seçilən qadınlardan olub. O, Bakıda yaşamağa başladığı 1904-cü ildən dövrün ən fəal xeyriyyəçi qadınları Sona xanım Tağıyeva, Liza xanım Muxtarova ilə dostlaşmışdı. Xeyriyyə axşamlarının keçirilməsində Hacı Zeynalabdin Tağıyevə, Sona xanıma böyük köməklik göstərən İsmət xanım kiçik yaşlı qızı Saranı da özü ilə belə məclislərə aparırdı. İsmət xanım Aşurbəyli geniş ədəbi mütaliəsi olan, özəlliklə poeziya bilicisi kimi tanınan kübar qadın idi. O, alman, fransız dillərində sərbəst danışır, dünyagörüşü və savadı ilə seçilirdi.
1917-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələr bir çox zadəgan ailələri kimi onların ailəsindən də yan keçmədi. Azərbaycanın neft sənayesində yatırımçı olan Aşurbəylilərin firavan həyatı ölkənin bolşevik işğalından sonrakı durumu ilə bağlı kəskin surətdə dəyişdi. Sovetləşmənin ilk günlərində Aşurbəylilər öz ata-baba mülklərindən, yaşadıqları dəbdəbəli malikanələrdən, sənaye müəssisələrindən məhrum oldu. Sara xanımın atası Bala bəy Aşurbəyli və qardaşı Əli bəy yeni hakimiyyət tərəfindən həbs edildi. Yalnız Nəriman Nərimanovun bu xeyriyyəçi ailəyə rəğbəti və köməyi sayəsində Bala bəy Aşurbəyli və qardaşı bir ay sonra həbsdən azad olundu. Qeyd etmək lazımdır ki, Nərimanov Sara xanımın anası İsmət xanımın yaxın qohumu idi. 1920-ci ildə Nərimanovun dövlətdən aldığı icazə ilə Bala bəy Aşurbəyli həyat yoldaşı İsmət xanım və 4 övladıyla birlikdə Bakıdan Türkiyəyə getməyə nail oldu. Ailə öncə Trabzona, sonra İstanbula yerləşdi və 5 il Türkiyənin mədəni mərkəzi olan bu şəhərdə yaşadı. Həmin vaxt Sara xanımın 14 yaşı vardı. İstanbulda o, bacıları Sitarə, Məryəm ilə birlikdə fransız kollecində, qardaşı Rəşad bəy isə Qalatasaray kollecində təhsil alırdı.

Sara xanımın fransız kollecində oxumasının isə maraqlı bir tarixçəsi vardı. Bala bəy üç qızını da Validə Sultan liseyində oxumağa göndərmiş, onların milli adət-ənənələrə, dini biliklərə dərindən yiyələnməsini istəmişdi. Lakin qəribə bir hadisə Sara xanımın fransız məktəbinə keçməsinə səbəb olmuşdu. Validə Sultan liseyində “Qurani-Kərim” dərsindən “2” qiyməti alan və ağlayaraq evə gələn Sara xanım ata-anasına bir daha həmin məktəbə getməyəcəyini deyib. Sinifdəki bütün qızlar gözəl “Qurani-Kərim” oxuduğu halda, ərəbcə sözlər onun dilinə yatmadığından çətinlik çəkirdi. Digər tərəfdən fransız kollecində oxuyan bir qızla tanış olması, həmin qızın xüsusi geyimi, davranışları və nitqi Sara xanıma çox təsir etmişdi. O, fransız məktəbində oxumağa israr edincə atası qızının istəyinə qarşı çıxmayıb onu evinin yaxınlığındakı Müqəddəs Janna D Ark fransız kollecinə yazdırmışdı. Sara Aşurbəyli sonralar həmin günləri xatırlayaraq yazırdı: “Atam məni bu məktəbə yazdırıb-yazdırmamaqda çox tərəddüd edirdi, mənim xristian dinini qəbul edə biləcəyimdən narahatlıq duyurdu”. Lakin atası Saradan sonra qızları Sitarə və Məryəmi də həmin məktəbdə oxudur...

1925-ci ildə İstanbulda Müqəddəs Janna D Ark fransız kollecini bitirən gənc Sara Aşurbəyli burada Avropa mədəniyyəti və elminə dərindən yiyələnmiş, fransız dilini, ədəbiyyatını, Fransa tarixini mükəmməl öyrənmişdi. Dilləri asan öyrənmək məharəti sayəsində sonralar Sara xanım 6 dildə – ingilis, fransız, alman, ərəb, fars, türk dillərində sərbəst danışır, yazıb-oxuya bilirdi. Hətta poliqlot olduğu üçün dövlət təhlükəsizlik orqanları tərəfindən casusluqda təqsirləndirildiyi vaxtlar da olmuşdu. Aşurbəylilərin Bakıya qayıtmağa qərar verdiyi 1925-ci ildə ailə başçısı Bala bəy burada siyasi durumun nisbәtәn sabitləşdiyini zənn edirdi. Lakin Bakıya qədəm qoyduqları gündən heç nə düşündükləri kimi olmadı. Şəhərin zahiri sakitliyinin altında dəhşətli bir təlatüm, sakit fırtınalar vardı. Bunu başa düşəndə isə çox gec idi.

Vətəndə keçmiş zadəgan ailələrinə qarşı təzyiqlər və ən yaxşı halda biganə münasibət davam edirdi, onlar hər yerdə gözdən salınır, işsizlikdən əziyyət çəkirdi. Dövlət təhlükəsizlik orqanları fürsət düşən kimi onları qaralamağa, sıradan çıxarmağa hazır idi. Bala bəy Aşurbəyli də uzun müddət iş tapa bilmir. Sara xanım Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Tarix bölməsinə qəbul olunsa da, atasının keçmiş kimliyi, öncələr zəngin bir ailənin qızı olması onu daim problemlərlə qarşılaşdırır. 1930-cu ildə universitetin Şərqşünaslıq fakültəsini bitirib qrup yoldaşı Mövsüm Salamovla ailə quran Sara xanımın bu xoşbəxtliyi də uzun sürmür. Ailə qurandan az sonra, 1935-ci ildə atasını həbs edib Qazaxıstana sürgün edirlər. Sonra isə həbsxanada iki il işgəncə verib əziyyətlə öldürürlər...

Sara xanım xatirələrində atasının ölümündən illər sonra xəbər tutduqlarını, iki illik hәbsxana һәyatında ona olmazın әziyyәtlәr verildiyini qeyd edirdi. O, yazırdı ki, ağır işgəncələr verilməsinə baxmayaraq Bala bəy Aşurbəylinin xalq düşmәni olduğunu sübut edә bilməyən NKVD onun saxlandığı kameraya casus salmış, bir neçә gün ardıcıl olaraq Stalinin qarasına deyinәn, onun ünvanına söyüşlər söyən casus Bala bәyi reaksiya vermәyə təhrik etmişdi. Öncə casusun danışıqlarına önəm verməsə də, son məqamda dözmәyib sadәcә iki cümlә işlәdən Bala bəy “Başqa nә gözlәmәk olar axı? O ki, diktatordur” demişdi. Elə bu cümlələrinə görə də onu “xalq düşməni” elan edərək qətlinə fərman vermiş, 1937-ci ildә Karakanda vilayәtindә vәһşicәsinә öldürmüşdülər. Xruşşov dövründə Bala bəy Aşurbəylinin günahsız olduğu elan edilmiş, ona gec də olsa bəraət almışdı... Lakin bu bəraət kağızı günahsız bir insanın puç olmuş, yarıda kəsilmiş ömrünü geri gətirə, özündən sonra dörd övladı ilə xəstə həyat yoldaşının çəkdikləri müsibətləri unutdura bilməzdi. Sara xanım haqlı olaraq həmin bəraəti “insanı ələ salmaq” kimi görür, müsahibələrində bu haqda acı bir təəssüflə söz açırdı.

Sara Aşurbəyli hələ ailə qurmazdan öncə onun qaynanasına gələcəkdə problem yaşayacaqlarını, oğlunu evləndirdiyi qız üzündən başlarına dərd açacaqlarını söyləmişdilər. Övladını tək başına böyüdən ana bu sözlərdən qorxsa da, gənclərin sevgisinə mane olmamışdı. Lakin deyilənlər doğru çıxdı... Məhz zadəgan qızı Sara xanımla evli olduğu üçün 1938-ci ilin fevralında həyat yoldaşını həbs etdilər. Xəstə anasıyla, bacılarıyla birlikdə təkbaşına qalan Sara xanım iş axtarır, müraciət etdiyi hər yerdə “sənə tarixçi kimi iş verməyəcəyik” deyirdilər. Tarixçi və şərqşünas kimi iş tapa bilməyəcəyini başa düşən Sara xanım digər ixtisasları üzrə iş axtarmağa məcbur olub. O, 1941-ci ildə iki təhsil ocağında yeni ixtisaslar qazanmış, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Xarici dillər fakültəsini və Azərbaycan Rəssamlıq Məktəbini (indi Azərbaycan Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kollecini) bitirmişdi. Yalnız bundan sonra o, iş tapa bilmişdi. Amma teatrda rəssam kimi çalışmağa başlasa da, 6 ay sonra bu işindən də uzaqlaşdırılır... Bir gün isə gözləmədiyi bir zəng onu sevindirir. Yeni açılan Xarici Dillər İnstitutuna (indiki ADU) fransız dili üzrə mütəxəssis tapmadıqlarından nazirlikdən onu axtarıb burada işə dəvət edirlər. Orta məktəbdə müəllim işləməsinə icazə verilmədiyi halda ali təhsil ocağında iş təklifi alması Sara xanımı xeyli təəccübləndirir. Lakin “Sizi tanıyırıq, atanız və ya həyat yoldaşınızla bağlı məsələ sizə vəzifə verməyimizə mane olmur” deyə onun təəccübünə son qoyulsa da, qarşısında 4 il işləyəndən sonra vəzifəsindən azad olunacağı şərti qoyulmuşdu. Xəstə anasına və bacılarına baxan Sara xanım bu şərtlə razılaşmağa məcbur qalır.
Bütün bu çətinliklərlə bərabər, illərlə sürgündən qayıdacağına inandığı, səbrlə yolunu gözlədiyi həyat yoldaşı da onun qəlbini yaralamışdı. 1937-ci ildә sürgün edilən əri Mövsüm Salamov 8 ildən sonra qayıdanda özüylə başqa bir qadın gətirmişdi. Sara xanım bu hadisədən sarsılsa da, güclü qadın kimi möhkəm dayanır. Bir tərəfdən şəxsi taleyindəki uğursuzluq, ehtiyac və sıxıntılar, digər tərəfdən sevdiyi ixtisası üzrə, tarixçi kimi çalışmağa icazə verilməməsi Sara xanımı mənəvi cəhətdən çox incidirdi. Buna görə də o, durğunluq illərində heç kəsə bildirmədən Leninqrada (indiki Sankt Peterburq) gedib ixtisası üzrə təhsilini davam etdirməyə qərar vermiş, 1949-cu ildə “Orta yüzilliklər Bakı tarixi” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsi almışdı. Elmi dərəcə alandan sonra məsələdən xəbər tutan yüksək dairələr yenə də onun qarşısına sədd çəkmiş, tarix elmləri doktoru olduğu halda tarix sahəsində işləməsinə icazə verməmişdilər. Yalnız Stalinin vəfatından sonra dövlət siyasətində gedən proseslər, Xruşşov dövrünün “mülayimləşmə” havası onun da taleyinə təsir etmişdi.

1953-cü ildə Xalq şairi Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri və məsul vəzifə sahibi kimi Sara Aşurbəylinin alim taleyi ilə maraqlanır. Ondan tarix elmləri doktoru olduğu halda 20 ildir nəyə görə xarici dillər üzrə dərs keçdiyinin səbəbini soruşur. Sara xanım hökumətin icazəsi olmadığı üçün tarix sahəsində çalışmadığını, lakin bu ixtisas üzrə işləməyi çox arzuladığını bildirir. Səməd Vurğun dərhal onu Tarix Muzeyinin direktoru vəzifəsinə təyin edir. Beləliklə, böyük şair Azərbaycana böyük bir alim qazandırır. 1955-ci ildən başlayaraq tarix sahəsində fəaliyyət göstərən Sara Aşurbəyli Azərbaycan tarixi haqqında bir-birindən dəyərli tədqiqat əsərləri ərsəyə gətirərək elmimizi zənginləşdirir.

Azərbaycan Dövlət Universitetində (indiki BDU) baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışan, müxtəlif ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxuyan Sara Aşurbəyli Yaxın və Orta Şərq xalqları tarixinin mahir bilicisi idi. Eyni zamanda, rəssam və müəllim kimi də mədəniyyət və təhsilimizə töhfələr verirdi. O, gərgin repressiya illərində, eləcə də “mülayimləşmə” dövrünə qədərki sıxıntılı zamanlarda zəngin bilik və bacarığını bir çox sahədə sınamışdı. Dram teatrında rəssam və dekorator, Üzeyir bəy Hacıbəylinin dəvəti ilə 15 il konservatoriyada xarici dil müəllimi işləmişdi. Xeyli müddət öz rəsm əsərlərini sataraq dolanışığını təmin etmişdi. Sərgilərdən birində Sara Aşurbəylinin “Göygöl” adlı əsərini çox bəyənən bir Meksikalı tablonu alıb ölkəsinə aparmışdı. Hazırda həmin əsər Meksika muzeylərindən birində saxlanır. Rəssamlıq sahəsində qazandığı uğurlara görə 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.

Ömrünün sonrakı illərində Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışan Sara Aşurbəyli? 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. Bu mötəbər elm ocağında işlədiyi illər içində onlarla tədqiqat əsəri yazmışdır. Hələ Sankt- Peterburqda aspirantura təhsili aldığı vaxtlardan başlayaraq elm aləminə qədəm qoyan Sara xanım, alimlik fəaliyyəti illərində “Bakının tarixinə dair oçerklər”, “Orta yüzilliklərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kimi qiymətli fundamental monoqrafiyaları elmimizə töhfə etmişdir.

Onun elmi məqalələrinin hər biri Azərbaycanın keçmişinin müəyyən bir səhifəsini aydınladır, əsrlərin gizli bucaqlarına işıq tutaraq tarixin sirlərini açırdı. “Köhnə Bakının memarlıq abidələri”, “Azərbaycanın tarixindən” Suraxanı Atəşgah məbədinin memarlıq abidələri”, “Bakı Buxtasında (XIII o) “sualtı qalası”, “Qədim dövr və orta yüzilliklər dövrünün Azərbaycan heykəltəraşlıq əsərləri”, “Azərbaycanın sənətkarlıq və ticarət şəhərləri ilkin orta yüzilliklərdə”, “Orta yüzilliklərdə Azərbaycanın Çinlə iqtisadi və mədəni əlaqələri”, “Əbd Ər-Rəşid Bakuvi – XV yüzil azərbaycanlı alim-coğrafiyaşünas”, “XVI yüzil Azərbaycan incəsənətinə dair bəzi materiallar”, “Səyahətnamə” Övliyə Çələbi mənbəyi kimi /XVII yüzilin birinci yarısında Azərbaycan şəhərlərinin sosial-iqtisadi və siyasi həyatının öyrənilməsi üzrə” adlı məqalələri bu cəhətdən özəliklə qiymətlidir.

Tədqiqatları ona tarix elmləri namizədi, tarix elmləri doktoru (1966) elmi dərəcələrini qazandırmış, Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi çoxsaylı monoqrafiya və məqalələrinə görə mühüm dövlət təltiflərinə layiq görülmüşdür. Onu alim kimi şöhrətləndirən əsərlərinin heç birində isə Stalin və Mircəfər Bağırovun adına rast gəlinmir. Sara xanım dönə-dönə müsahibələrində bu diktatorların adlarını anmağa vicdanının yol vermədiyini vurğulayırdı... Çünki təkcə öz ailəsinə, yaşadığı dövrün ən dəyərli insanlarına deyil, bütövlükdə milli-mənəvi taleyimizə vurulan zərbələri yada salmağa ürəyi gəlmirdi... O, sanki bu şəxslərin adlarını tədqiqatlarında yazmamaqla, Azərbaycan tarixini onların törətdiyi dəhşətli cinayətlərdən arındırmaq istəyirdi…

Görkəmli alim 2001-ci il iyulun 17-dә 95 yaşında Bakıda vәfat etmişdir. Bu çətin və mübarizələrdə keçən örnək ömrün şahidi olanlar “Sara xanım Vətəndə mühacirət ömrü yaşadı” deyirdilər. Lakin Sara Aşurbәylinin həyatında tək bir hadisə onu göylərə qaldırmış, yaşadığı ömrün, alimlik fəaliyyətinin layiqli dəyəri verilmişdi. Bu onun “Şöhrət ordeni” aldığı 27 yanvar 1996-cı il idi. Həmin gün M.F.Axundov adına Opera və Balet Teatrında Sara xanım Aşurbəylinin 90 illik yubileyi keçirilirdi. Azərbaycan elitasının təbrikə gəldiyi yubiley tədbirində ağzına qədər dolu zalda Ümummilli lider Heydər Əliyev sürəkli alqış sədaları altında yubilyarı şəxsən təbrik etmiş, ona “Şöhrət” ordeni vermişdi. Bu Sara xanımın uzun illərinin, böyük çətinliklərlə başa gələn elmi uğurlarının layiqli yekun qiyməti idi. Sara Aşurbəylinin tarixşünaslıq elmimizi zənginləşdirən əsərləri bu gün də elmi aktuallığını qoruyub saxlayır, milli-tarixi keçmişimizi araşdıran tədqiqatçıların yoluna işıq salır. Alimin “Bakı şəhərinin tarixi” kitabının Türkiyədə böyük tirajla çap olunması da əsərlərinin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında maraq doğurması ilə bağlıdır. Onu vətənində mühacirət ömrü yaşamağa vadar edənlər çoxdan tarix səhnəsindən yox olub getdilər, unuduldular, amma Sara Aşurbəyli çəkdiyi o qədər əziyyətə baxmayaraq, sıradan çıxmadı, əyilmədi, əksinə, öz içindəki gücə, əsalətə dayanıb, yüksəldi, elmi ilə xalqının başını ucaltdı, adına şərəf gətirdi, ömrü ilə tarix yazdı. Gələcək nəsillər bu tarixdən – bu ömürdən necə ləyaqətlə yaşamağı öyrənəcəkdir!

RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Visiontv.az