Ölüm raketləri...
Ölüm raketləri...
02.07.2022 MEDİA Tərəfindən

Putin Ukraynanı davamlı raket atəşinə tutmaqla nəyə nail olmaq istəyir?

Əvvəla onu deyim ki, işğalçı müharibə aparan bir ölkənin işğal etməyə çalışdığı ölkənin dinc şəhərlərini istər artilleriya, istərsə də raket atəşinə məruz qoyması hərbi cinayət olmaqla bərabər, həm də dəhşətli qəddarlıqdır. 

Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamasına görə, Rusiya indiyədək Ukraynaya 3 minə yaxın raket atıb. 

Bu barədə  Kiyevdə Norveçin Baş naziri Yonas Stere ilə birgə mətbuat konfransında danışan Zelenski bildirib ki, "Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı Qərb ölkələrinin Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti bu vəziyyətdə tək qalmamalıdır”.

Lakin Qərbin dəstəyinə baxmayaraq hələki Putini dayandırmaq mümkün deyil. O, guya Ukraynanın hərbi obyektlərini sıradan çıxarmaq adıyla qəsdən dinc insanların yaşadığı mülki binaları, uşaq bağçalarını, xəstəxanaları, məktəbləri bombalatdırır. 

Bir neçə gün bundan əvvəl Kremençuq şəhərində 1000 nəfərdən çox insanın olduğu ticarət mərkəzini raket atəşi ilə darmadağın edən Rusiya ordusu, bu gün (iyulun 1-də) Odessa vilayətinin Sergeevka kəndindəki yaşayış binasına raket zərbəsi endirib. Bu xain hücum nəticəsində 2-si uşaq olmaqla 19 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı bildirilir.

Rusiya rəhbərliyinin dinc ukraynalılara qarşı bu cür vəhşi müharibə üsulundan geniş istifadə etməsində bir neçə məqsəd güdülür. 

Birinci məqsəd ukraynalılarda psixoloji qorxu, xof hissi yaratmaq və onları Ukrayna hakimiyyətinə qarşı kökləməkdir. 

İkinci məqsəd ukraynalı hərbçilərin döyüş əzmini qırmaq, onları demoralizə etməkdir. 

Üçüncü məqsəd Ukrayna hakimiyyətini təcili qaydada danışıqlara başlamağa və Rusiyanın irəli sürdüyü təhqiramiz sülh şərtlərini qəbul etdirməyə, güzəştlərə getməyə məcbur etməkdir. 

Dördüncü məqsəd Ukraynaya dəstək verən Avropa ölkələrində qorxu yaratmaq və onları Ukraynaya dəstək verməkdən çəkindirməkdir. 

Və nəhayət, sonuncu məqsəd dünya birliyini Rusiyanın yeri gələrsə, hətta nüvə silahından da istifadə edə biləcəyinə inandırmaqdır. 

Bütün bunları nəzərə alsaq, Kremlin Ukraynanı davamlı raket atəşinə məruz qoymasının heç də səbəbsiz və plansız olmadığı bir daha üzə çıxır. Putin dinc ukraynalıların mənzillərini, ticarət mərkəzlərini, uşaq bağçalarını məqsədyönlü şəkildə, planlı surətdə bombalatdırır. 

Bəzi ekspertlər deyir ki, Rusiyanın müasir raketləri artıq tükənmək üzrədir. Əslində isə bu yanlış məlumatdır. Rusiyanın istər köhnə, istərsə də təzə raketlərinin sayı-hesabı yoxdur. Və çox güman ki, Rusiya hələ bundan sonra da Ukrayna şəhərlərini raketlərlə "cəhənnəm"ə çevirməyə davam edəcək. Bu vəhşiliyin qarşısını almaq üçün tərəfdaş ölkələr Ukraynaya raketdən müdafiə sistemləri  və əks-zərbə silahları verməlidir. 

Ukrayna bu məsələdə İsrailin də təcrübəsindən yararlana bilər. Çünki son 15-20 ildə dünyada ən çox raket hücumlarına məruz qalan ölkələrdən biri də məhz İsraildir. Odur ki, İsrail raket hücumlarından effektiv şəkildə qorunmaq istiqamətində xeyli təcrübə toplayıb. 

P.S.
Bu gün bombardmanlara məruz qalan dinc ukraynalıların müsibətləri biz azərbaycanlılara da yaxşı məlumdur. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı faşist Ermənistan da Azərbaycanın dinc yaşayış məntəqələrini eyni qəddarlıqla raket atəşinə tuturdu. Lakin həmin günlərdə nə gəncəlilər, nə tərtərlilər və bərdəlilər, nədəki digər şəhər və rayonlarımızın sakinləri düşmən bombardmanlarından qorxub harasa qaçmadılar, evlərini tərk etmədilər. Bu da azərbaycanlıların düşmən üzərində psixoloji qələbəsi idi. Ukraynalılara da belə bir möhkəmlik, mətanət, dirəniş gücü arzulayırıq!

Bəybala Mirzəyev

visiontv.az