Ölüm hökmü bərpa edilsinmi? - Ekspertlər danışdı
11.01.2020

"Qəsdən bir şəxsin həyatına qəsd etmiş cinayətkara qarşı cəza da adekvat olmalıdır".

Visiontv.az-ın verdiyi xəbərə görə, bunu Eurasia Diary-ə “Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq eksperti, tanınmış hüquqşünas Səməd Vəkilov Tovuzda 10 yaşlı uşağın dəhşətli qətli ilə bağlı danışarkən deyib. 

Ekspertin sözlərinə görə, ölüm hökmünün ləğv edilməsi Azərbaycanın Avroatlantik məkana inteqrasiyası ilə əlaqədar həyata keçirilən hüquqi islahatlar çərçivəsində öhdəliklərdən biridir. Bu hüquqi islahatların məqsədi ədalət mühakiməsinin müstəqilliyini təmin etməkdir. Lakin heç kimə sirr deyil ki, keçmiş SSRİ-nin əksər ölkələrində məhkəmənin müstəqillik əmsalı çox aşağıdır, o cümlədən də Azərbaycanda. Başqa sözlə desək, bu ölkələrdə ölüm hökmü bərpa edilərsə məhkəmələrdə sui-istifadə və digər neqativ hallar baş verəcək", S.Vəkilov söyləyib.

"Mən bir hüquqşünas kimi həmişə ölüm hökmünün ləğv edilməsinin əleyhinə olmuşam. Hesab edirəm ki, qəsdən bir şəxsin həyatına qəsd etmiş cinayətkara qarşı cəza da adekvat olmalıdır. Bu cəzanın ümumi prinsiplərinə uyğundur. Yəni qəsdən adam öldürən şəxslərə qarşı ölüm hökmü olmalıdır. ABŞ-ın çox ştatlarında Tovuzda baş vermiş hadisə kimi anoloji hadisələr zamanı ölüm hökmü tətbiq edilir", deyə o bildirib. 

"Əgər ölüm hökmü verilərək bu cür davranışa son qoyulacaqsa, mən bunun tərəfindəyəm". Bu sözləri "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzi"nin psixoloqu Taciyə Mehdisoy Eurasia Diary-ə açıqlamasında deyib.

Psixoloq özünün də ana olduğunu və vətəndaş mövqeyindən çıxış edərək fikir bildirdiyini deyib: "Nərmin kimi cinsi istismara məruz qalmış uşaqlara qarşı törədilmiş bu vəhşilik milliyətindən asılı olmayaraq pis davranış hesab olunur: Əgər qatilə ən ağır cəza - ölüm cəzası verilərək bu davranışa son qoyulacaqsa, mən bunun tərəfindəyəm".

"Bir şeyi nəzərə almaq lazımdır ki, biz övladlarımızı adətən yadlardan müdafiə edirik. Ancaq uşaqlar öz doğmalarına qarşı müdafiəsizdirlər. Biz onlara yad insandan “konfet götürmə”, onu etmə, bunu etmə sözlərini rahatlıqla deyirik. Lakin unuduruq ki, onu əmisi oğlunun, dayısı oğlunun, xalasının ərinin, ögey atasının yanında qoyub gedəndə ailəmizin içində qoyub gedirik. Doğmalarımızdan aldığımız zərbəyə görə ilk zərbəni biz alırıq. Biz niyə adımıza, şərəf və ləyaqətimizə, körpəmizin həyatına vurulan bu qəsdi humanizmlə qarşılamalıyıq?", T.Mehdisoy söyləyib. 

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 2020-ci il yanvarın 10-da bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.