Ölüb! Umer! Died!-Ermənilər ölən “status”un yanına gedə bilərlər
Ölüb! Umer! Died!-Ermənilər ölən “status”un yanına gedə bilərlər
17.06.2022 Elçin Mirzəbəyli Tərəfindən

Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər

Azərbaycan Prezidentinin IX Qlobal Bakı Forumunda ATƏT-in Minsk Qrupu barəsində söylədiyi fikirlər həm faktoloji, həm də hüquqi reallıqlara söykəndiyi üçün bu fikirlərin predmeti olan və artıq ömrünü başa vurmuş təsisatın təmsilçiləri tərəfindən bugünədək tutarlı əks-arqumentlərin dilə gətirildiyinin şahidi olmamışıq. 44 günlük müharibənin yaratdığı reallıqlar ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən Minsk Qrupuna verilmiş mandatın bütün müddaəalarının əhatə etdiyi məsələlərin gündəlikdən çıxarılmasına zəmin yaradıb və hazırda Azərbaycanla Ermənistan arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə müzakirə ediləcək hər hansı bir məsələ yoxdur. Minsk Qrupu Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmışdı. Məlum olduğu kimi, artıq “münaqişə” də, “Dağlıq Qarabağ” da yoxdur və bütün bu qeyri-rəsmi anlayışlar nəinki Azərbaycanın, bütövlükdə dünyanın gündəmindən silinib. Digər tərəfdən, ATƏT-in Minsk Qrupu fəaliyyəti dönəmində ona verilən mandatın tələblərinə uyğun davranmayıb, status-kvonu qoruyub saxlamağa cəhd göstərib, Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırmayıb, təcavüzkara qarşı beynəlxalq təzyiq mexanizmlərinin işə salınması istiqamətində əməli addımlar atmayıb. Həmçinin, Minsk Qrupunun de-fakto fəaliyyətsizliyi və mandatından, eləcə də beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn vəzifələri yerinə yetirməməsi nəticəsində işğalçını sülhə məcbur etmək zərurəti yaranıb ki, bu da sözügedən təsisatın missiyasının tamamilə iflasa uğraması deməkdir. Belə hallarda, bir qayda olaraq, missiyanın iflasa uğradığını bəyan edir və fəaliyyətlərinə xitam verirlər. Təəssüf ki, biz Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində ATƏT-in Minsk Qrupu həmsədrlərindən diplomatiyanın, beynəlxalq münasibətlər sisteminin yazılmış və yazılmamış qaydalarına uyğun davranışlar görmədiyimiz kimi, onlardan missiyalarının uğursuzluqla başa çatdığının birbaşa etirafını da eşitmədik. Amma bu etiraf dolayısıyla da olsa, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Öncə Minsk Qrupunun həmsədrlik institunda Birləşmiş Ştatları təmsil edən Endryu Şofer ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri təyin olundu. Sonra İqor Xovayev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinat aldı, daha sonra isə Bris Rokfey isə Fransa XİN-in Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsinə çevrildi. Vəssalam! Beləliklə, uğursuz Minsk Qrupu haqqında “əfsanə” sona çatdı. Yəni əlvida “uğursuz üçlük”!

Status məsələsinə gəldikdə isə, bu absurd və Azərbaycan tərəfindən hələ müharibədən öncə, torpaqlarımız işğal altında olduğu zaman qəbul edilməyən bir iddianın Ordumuzun Zəfəri nəticəsində torpağın dərinliklərinə necə gömüldüyünün hər kəs şahidi olub. Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər.

Bununla yanaşı, qeyd etməliyəm ki, nə 10 noyabr 2020-ci il bəyanatında, nə Rusiya Federasiyasi prezidentinin iştirakı ilə imzalanan digər sənədlərdə, nə də Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra verilən yekun bəyanatlarda “status”dan söz açılmır. “Status” sözü Azərbaycan ərazilərində yaşayan ermənilərə münasibətdə əbədilik olaraq, beynəlxalq terminalogiyadan silinib! Ölüb! Umer! Died!

Bütün bunlara baxmayaraq, əgər Ermənistan yenidən Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, o zaman bunun qarşılığını da artıqlaması ilə görəcək. Həm sə söz oyunu ilə deyil, tarixə, hüquqa və ilahi ədalətə söykənən addımlarla.

Azərbaycan Prezidentinin dediyi kimi, “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır!”

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Siyasi şərhçi Elçin Mirzəbəyli

visiontv.az