Obyektlərin tikintisi üçün icazənin alınması elektronlaşdırılıb
21.02.2019

Obyektlərin tikintisi üçün icazənin alınması elektronlaşdırılıb

Yaşayış sahəsi olmayan və ekspertizasına ehtiyac duyulmayan obyektlərin tikintisinə, eləcə də istismarına icazələr artıq tam elektronlaşdırılıb.

Visiontv.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Elektron Hökümətin İnkişafı Mərkəzi ilə yeni xidməti bu gün sahibkarların ixtiyarına verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev dövlət başçısının fərmanı ilə tikintisi başa çatmış, ancaq rəsmi istismara qəbul edilməyən binaların taleyinə də aydınlıq gətirib. Qeyd olunub ki, həmin binalara yaradılan işçi qrup tərəfindən baxış keçiriləcək və hər şey qaydasındadırsa 1 həftə ərzində istismara qəbulu təmin ediləcək. Əgər problemlər varsa əlavə tədbirlər görüləcək.

Anar Quliyev hazırda Bakı şəhərində tikintisi başa çatan, lakin istismara qəbul edilməyən binaların sayını da açıqlayıb.

Komitə rəsmisi gələcəkdə ekspertizaya ehtiyac olan binaların da inşasına, istismara verilməsinə icazələrin elektron ola biləcəyini bildirib. Bu isə tikinti sektorunda şəffaflığın artmasına və inşaat sektorunda çalışan şirkətlərin vaxta, vəsaitə qənaət edərək işlərini daha qısa zamanda, keyfiyyətlə icra etməsinə səbəb olacaq.