O nəşr niyə dayandı?
O  nəşr niyə dayandı?
21.09.2021 Əkbər Qoşalı Tərəfindən

Bəlli olduğu kimi, Dünya Bankı “Doing Business” hesabatlarının nəşrini dayandırıb – özü də tamamən dayandırıb. Yəni, bu, keçici olaraq dayandırma, təxirə salma deyil, məhz bir yolluq dayandırmadır.

Bankın bundan 11 ay öncə - 27 avqust 2020-ci ildəki açıqlamasında hesabatda verilmiş nəticələrin saxtalaşdırıldığı əsas göstərilərək, nəşrin təxirə salındığı bildirilmişdi. (www.worldbank.org/en/news/statement/2020/08/27/doing-business---data-irregularities-statement).

Hesabatlardakı yanlışlıqların aradan qaldırılması məqsədi ilə qurum tərəfindən kənar audit şirkəti (“WilmerHale”) cəlb edilmiş, son 5 ilin sistematik qiymətləndirilməsi aparılmışdı.

Beynəlxalq mediada aparılan diaqnostik qiymətləndirmələr zamanı bank rəhbərliyinin bəzi ölkələrin (məs., Çinin) xeyrinə nəticələrin süni formada yüksəldilməsi göstərişi verdiyini qeyd edir.

Bu yerdə, qısaca olaraq, Dünya Bankı haqqında xatırlatma edək:

Dünya Bankı nədir, necə bir quruluşdur və ölkələrlə, konkret halda bizim ölkə ilə nə kimi bağlara, hüquqlara malikdir? – Bank dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən, maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. Dünya Bankı heç də klassik anlamda bank olmayıb, ixtisaslaşmış bir agentlikdir. 77 il bundan öncə qurulmuş, BMT-nin ixtisaslaşmış qurumlarından biri olan bankın (agentliyin) hazırda 184 üzvü var; üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir (yaxud nəzarət etməlidir). Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər, qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq etməkdədir.

Aparıcı media orqanları respublikamızda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır (www.reuters.com/business/sustainable-business/world-bank-kills-business-climate-report-after-ethics-probe-cites-undue-pressure-2021-09-16/?fbclid=IwAR0uc-DQCLsmDy77qNFKUKQdBy4f1xZ9TAjw6SOLzJEbPDbjfiOXX2V_SEs).
Burada özəlliklə vurğulamaq gərəkdir ki, məlumatların doğru əks olunmadğı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı bəlli olmuşdur. İkili standart ki, ikili standart... O qədər ikili standartlarla üzləşmişik artıq immunitetimiz yaranıb desək, yeri vardır.

Ölkəmizə qarşı qərəzli münasibətin və ölkə reytinqinin süni formada azaldılmasında hesabatın yaradıcılarından Simeon Dyankovun (13.07.1970, Loveç, Bolqarıstan, partiyası: GERB) xüsusi neqativ rolu olduğu qeyd olunur.

Bəs araşdırmalar nə göstərir? – Bəlli olmuşdur ki, əgər Dünya Bankının 2020-ci il üzrə hesabatında nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı (documents1.worldbank.org/curated/en/569901608154479291/pdf/Management-Review-of-Data-Irregularities-in-the-Doing-Business-Reports-from-2016-to-2020-Verification-Report.pdf).

Aparılan audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlmişdir

(documents1.worldbank.org/curated/en/569901608154479291/pdf/Management-Review-of-Data-Irregularities-in-the-Doing-Business-Reports-from-2016-to-2020-Verification-Report.pdf).Əlbəttə, Doing Business hesabatlarında bir sıra hallarda ölkələrə qərəzli yanaşılması barədə dünya mətbuatında daha öncə də fikirlər əks olunmuşdur. Gələcəkdə Dünya Bankı tərəfindən biznes və yatırım mühitinin qiymətləndirilməsi məqsədi ilə yeni yanaşmalar əsasında metodologiyaların, qiymətləndirmələrin aparılacağı da anons edilmişdir. Yeni yanaşmalar ilk növbədə bankın öz imici üçün gərəkli olacaqdır hər halda. Yoxsa, bu gün deyil bəlkə, ancaq nə vaxtsa, hər qurum, quruluş öz səpdiyi toxumların məhsulunu dərəcəkdir. Məhsulyığan bir bankdırsa, o zaman o daha diqqətli olmağa məcburdur...Bəli, belə bir mənzərə yaranıb. Bütün ikili standartların sıfırlandığı bir Dünya Bankı, daha doğrusu, Dünya arzusu ilə... DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Visiontv.az