Nyu-Yorkda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib
25.07.2020

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəliyinin qərargahı qarşısında izdihamlı aksiya keçirilib.

Visiontv.az “Report”a istinadən xəbər verir ki, aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, ABŞ-ın müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu-York, Nyu-Jersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının aktiv üzvləri iştirak ediblər.

Nyu-York şəhərinin Bruklin əyalətindən ölkəmizin bayrağının dalğalandığı maşınlarla yola çıxan mitinq iştirakçılarının son dayanacağı BTM-nin baş qərargahının binasının qarşısı olub. Əllərində Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.

Azərbaycan-Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdelenli aksiya iştirakçıları qarşısında çıxış edərək beynəlxalq təşkilatdan bir neçə gün öncə Los-Ancelesdə Azərbaycanın diaspor fəallarına qarşı erməni teror təşkilatı ASALA üzvlərinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb etdiklərini bildirib. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyması üçün BMT-yə üzv ölkələr üzərlərinə düşən məsuliyyəti dərk etməli və bu işdə Azərbaycanla birlik nümayiş etdirməlidir.

Həmvətənlərimiz “Ermənistan şiddəti dayandır”, “Qarabağ Azərbaycanındır”, “Terrorçu Ermənistan” şüarları səsləndirib.

Aksiyada Tovuzda hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib.

İnsidentsiz başa çatan aksiyanın sonunda Azərbaycanın Dövlət himni oxunub.

Daha sonra aksiya iştirakçıları Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin önünə hərəkət ediblər. Nümayişçiləri Nyu-York polisi müşayiət edib. Daimi nümayəndəliyin qarşısında həmvətənlərimiz və ermənilər üz-üzə gəliblər. “Hamımız Mübarizik”, “Qarabağ Azərbaycandır”, “Uşaq qatilləri, işğalçılığı dayandır!”, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə” şüarları səsləndirilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Ermənilər həmvətənlərimiz qarşısında səssizlik nümayiş etdiriblər. Bir saat davam edən aksiya insidentsiz bitib.