Nüfuzlu beynəlxalq jurnalın xüsusi buraxılışı ADU-nun professorunun redaktorluğu ilə çap olunub
30.06.2022

Beynəlxalq “Web of science” və “Scopus” platformalarında indeksləşmiş “Beynəlxalq Praqmatika jurnalı”nın xüsusi sayı Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının müdiri, jurnalla uzun müddətdir əməkdaşlıq edən professor Azad Məmmədovun həmredaktorluğu (baş redaktorluğu) ilə çap olunub.

Visiontv.az xəbər verir ki, xüsusi buraxılışın mövzusu “Dialoji diskursun tədqiqi: praqamatika və koqnisiya” adlanır.

Jurnalın bu nömrəsində İngiltərənin Uorvik Universitetinin professoru P. Çiltonun, Polşanın Lodz Universitetinin dosenti M. Kopitovskanın, Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru B. Levandovska-Tomaşekin, Qdansk Universitetinin professoru A. Başkovskanın, İtaliya Katanya Universitetinin dosenti D. M. Pontonun, İspaniyanın Sevilya Universitetinin professoru M. P. Kruzun, Tayvanın Milli Tayvan Universitetinin əməkdaşı Ə. Chuanqun, eyni zamanda Azərbaycan alimlərinin məqalələri çap olunub.

Bu xüsusi sayın professor Azad Məmmədovun redaktorluğu ilə çap olunması Azərbaycan dilçilik elminə verilən böyük qiymətdir.
Jurnalda Azərbaycan Dillər Universitetinin alimləri dosent Könül Hacıyeva və dosent Misgər Məmmədovun həmmüəllif olduqları “Onlayn sinif kontekstində dilçilik diskurs modellərinin didaktik-psixoloji xüsusiyyətlərinin tədqiqi” məqaləsi yer alıb.

Azərbaycan Dillər Universiteti bu mötəbər jurnalda məqaləsi çap olunan həmmüəlliflərə pul mükafatı təqdim edib. Məqalə həmmüəllifləri mükafatı ADU-nun himayəsində olan şəhid ailəsinin hesabına köçürüb.

Azərbaycanlı alimin belə bir jurnalın redaktoru olması Azərbaycan dilçilik elmində ilk dəfə baş tutan hadisədir. Azərbaycan elminin dünya elminə çıxış yolu məhz bu etimad və güvənc nöqtələrindən başlayır.

Jurnalın bu buraxılışının digər həmredaktoru Konin Tədbiri Elmlər Universitetinin professoru Barbara Levandovski-Tomaşekdir.
Qeyd edək ki, jurnal Hollandiyanın “Brill” nəşriyyatı tərəfindən 2009-cu ildən ildə iki dəfə nəşr olunur.

Jurnalın baş redaktoru Polşanın Lodz Universitetinin kafedra müdiri, məşhur dilçi professor Pyotr Çapdır. Jurnal 2015-ci ildən “Web of science” , “Scopus” və digər tanınmış platformalarda indekslənmişdir. Baş redaktorun müavinləri Boston Universitetinin professoru B. Freyzer və Kvebek Universitetinin professoru A. Smitdir.

Redaksiya heyətinə dünyada tanınmış dilçi alimlər - London Kollec Universitetinin professoru R. Karston, Kembridc Universitetinin professoru N. Katsos, Tel Aviv Universitetinin professoru R. Qiora, Nottinqem Universitetinin professoru B. Nerlix, Lankaster Universitetinin professoru R. Uodak və digərləri daxildir.