"Növbəti təxribatlarda da məhz zərərçəkən tərəf Ermənistan olacaq..."
"Növbəti təxribatlarda da məhz zərərçəkən tərəf Ermənistan olacaq..."
04.10.2022 MEDİA Tərəfindən

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabrda Cenevrədə ikitərəfli görüşü keçirilib.  Bu görüşün keçirildiyi müddətdə, guya Azərbaycan əsgərlərinin ermənilərə qarşı təxribat törətməsi ilə bağlı videomaterial yayılıb.

Bəs belə situasiyada bu tip videomaterialın yayılmasını təsadüf hesab etmək olarmı?  Bu mövzu ətrafında politoloq Anar Əliyev Visiontv.az saytına öz açıqlamasında bunları bildirdi:

“Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin formalaşdırılması və Cənubi Qafqazda kövrək sülhün möhkəmləndirilməsi ilə bağlı son dövrlər kifayət qədər diplomatik situasiya gərginləşib. Belə görüşlərdən biri də 2 oktyabr tarixində Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən görüşdür. Təəssüf ki, görüş ərəfəsində Ermənistan və onun havadarları tərəfindən törədilən təxribatlar Azərbaycanın əsassız yerə qətliamlarda, işğalçılıqda və Ermənistana qarşı ərazi iddialarında ittiham edilməsi, eləcə də Ermənistanın 2023 – cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı hərbi xərclərə təxminən 40 faizə qədər artımın nəzərdə tutulması onu göstərir ki, Ermənistan əslində manipuliyativ addımlar atmaqla beynəlxalq ictimaiyyətin gözündə sülhpərvər Azərbaycanla sülh münasibətlərinin qurulmasına maraqlı olan tərəf kimi özünü təqdim etməyə çalışır.

Qarşılığında isə Azərbaycanın davranışlarının daha aqressiv, eyni zamanda ermənilərə qarşı qətliamlarda ittiham etdiyi tərəf kimi göstərir. Bu görüş ərəfəsində feyk video kimi qiymətləndirilən erməni hərbiçilərinin Azərbaycan hərbiçilərinin tərəfindən öldürülməsi ilə bağlı videonun yayılması, bunun ermənilər tərəfindən beynəlxalq ictimaiyyətə geniş şəkildə ötürülməsinin növbəti görüşün də həm müzakirə predimetinin həm də nəticələrinin sabataj edilməsi kimi qiymətləndirirəm. Çünki 31 avqust tarixinli Brüssel görüşü zamanı da Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında çox ciddi nəticələr əldə olunmuş və iki dövlət arasında münasibətlərin tənzimlənməsinin real perspektivləri ortaya çıxmışdır. Təəssüf ki, Ermənistan havadarların təhriki ilə 12 – 14 sentyabr tarixlərində Azərbaycana qarşı açıq təxribat törətməklə həmin görüşün nəticələrini sabataj etdi. Ermənistan baş nazirinin " Biz Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq və bu istiqamətdə işlərə başlamışıq " deməsi, XİN rəhbərlərinin Cenevrə görüşü real nəticələr doğura biləcək tədbirlər kimi qiymətləndirilə bilməz. Ermənistanın hədəfi isə Ermənistanın sülhpərvər, Azərbaycanın isə aqressiv obrazının formalaşdırılmasıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin bu günə qədər sərgilədiyi mövqe bundan sonra da Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribata layiqli cavabın veriləcəyinə inam yaradır. Növbəti təxribatlarda da məhz zərərçəkən tərəf Ermənistan olacaq.”

Bünyamin Bünyadzadə

Visiontv.az